Siyasət Özəl

Tərəflər güzəştə getmək istəmir: Taxıl sazişi bərpa olunacaqmı?

Tərəflər güzəştə getmək istəmir: Taxıl sazişi bərpa olunacaqmı?

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Demokrat.az xəbər verir ki, tərəflər taxıl dəhlizini müzakirə ediblər.

Ərdoğan deyib ki, “sülh körpüsü” hesab etdiyi Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsi kimsənin xeyirinə deyil.

Rəsmi Moskvanın dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.Taxıl sazişinin bərpasına qarşılıq Rusiya bir neçə şərt irəli sürüb.

Rusiya, Türkiyə, Ukrayna və BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid varmı?

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, əgər Rusiya geri addım atmasa, taxıl koridoru bərpa olunmayacaq:

“Görünən odur ki, Qərb Rusiyanın tələblərinə reaksiya vermək istəmir. Rusiya deyir ki, siz dünya aclığa düçar olmasın, qiymətlər qalxmasın, inflyasiya olmasın deyə taxıl koridorunun açılmasını istəyirsiniz.

O zaman mənə qoyduğunuz sanksiyaları da ləğv edin, daşımalara, ödənişlərə problem yaratmayın, mən də öz taxılımı rahat ixrac edə bilim. Rusiya da öz tələblərində haqlıdır.

Deyir ki, niyə mənim kənd təsərrüfatı ilə məşğul olan şirkətlərimə maneə törədirsiniz? Bu şirkətlər öz məhsullarını sata bilmirlər”.

Ekspert əlavə edib ki, Qərb Rusiya qarşısında qoyduğu sanksiyaları ləğv etmək niyyətində deyil:

“Taxılın Rusiya və ya Ukrayna taxılı olmasının nə fərqi var ki?!

Əsas odur ki, ümumi problem həll olsunsun. Propaqanda aparılır ki, Rusiya qiymətləri qaldırmaq, insanları acından öldürmək istəyir. Bəlkə Rusiya başqa güzəştər əldə edib, geri addım atacaq, bilmək olmaz. Amma Türkiyənin vasitəçiliyilə onun geri çəkiləcəyini düşünmürəm. İndiki vəziyyətdə taxıl koridorunun tezliklə açılacağını real hesab etmirəm”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az