Azərbaycan dövlətinin mərkəzi hökumət nümayəndələri ilə Qarabağda məskunlaşan erməni etnik azlığının nümayəndələri arasında görüş keçirilməsi gözlənilir.
Mətbuatda yayılan məlumatlara əsasən, görüşdə üçüncü tərəf olmayacaq.
Dialoq birbaşa Azərbaycanın hökumət nümayəndələri ilə etnik ermənilər arasında aparılacaq.
Gözlənilən dialoqun əhəmiyyətini və ehtimal olunan nəticələrini Demokrat.az-a açıqlamasında şərh edən politoloq Natiq Mirinin sözlərinə görə, belə bir görüşün keçirilməsi Azərbaycanın maraqları çərçivəsindədir:
“İlk dəfə olaraq ermənilərin yaşadıqları Qarabağ ərazisindən kənarda Azərbaycanın digər bir bölgəsində görüş keçiriləcək. Ermənilər oradan kənara çıxmamağa çalışırdılar. Bu görüş baş tutarsa, presedent yaradacaq ki, artıq Azərbaycan hökuməti öz təbəəsilə öz ərazisində xarici tərəflərin iştirakı olmadan danışıq aparır”.
Bu gün ermənilərin süni humanitar fəlakət ajiotajı yaratdığını qeyd edən politoloq bildirib ki, onlar bu xüsusda Azərbaycana qarşı ciddi beynəlxalq təzyiqlərin olacağını və geriyə çəkiləcəyini düşünürlər:
“Lakin Azərbaycan dövləti dik duruş nümayiş etdirir. Düşünmürəm ki, Laçın sərhəd – keçid məntəqəsindən qondarma humanitar yardım karvanı Qarabağ ərazisinə keçə bilsin. Bunun reallaşması Laçın yolunu yenidən su yoluna döndərə bilər ki, bu da bizim maraqlarımıza xidmət etmir.
Əlavə olaraq sərhədə qədər Azərbaycan tərəfinin xəbəri olmadan belə bir karvanın gəlməsi dövlətin özünə qarşı böyük hörmətsizlikdir. Ermənilər o qədər əmin olublar, düşünüblər ki, karvan gələrsə, Azərbaycan təzyiq altında onu öz ərazisinə buraxacaq. Ancaq əksini gördülər”.

Siyasi ekspert hesab edir ki, Azərbaycan tərəfi davamlı bu cür mövqe nümayiş etdirməlidir: “Əgər hər hansı ərzaq təminatından söhbət gedirsə, bu, üçüncü bir dövlətin vasitəçiliyilə deyil, Azərbaycan ərazisindən keçməklə olunmalıdır. Görüş nəticə verərsə, Xankəndidəki biznesmenlər rahatlıqla ucuz qiymətə Qarabağ ermənilərinin ərzaq təminatını ödəyə bilər. Görüşdə də bu məsələlər müzakirə olunmalıdır”.
Son olaraq N.Miri əlavə edib ki, Qarabağda yaşayan erməni icması Azərbaycana inteqrasiya prosesini qəbul etməlidir:
“Əks təqdirdə bu görüşlərin faydası olmaz. Özlərinin müəyyən sosial problemlərini həll edəndən sonra yenə də separatçı rejim müstəqillik moizələri oxumağa başlayacaqsa, görüşün xeyiri olmayacaq. Problemlər qalmağa davam edərsə, separatçılara qarşı antiterror əməliyyatları yenidən gündəmə gələ bilər”.
Törə Zeynallı Demokrat.az


