Siyasət Özəl

Politoloq: “Avropa İttifaqı Rusiyanın regiondakı təsirini azaltmaq üçün vasitəçilik işində ədalətli olmalıdır”

Politoloq: “Avropa İttifaqı Rusiyanın regiondakı təsirini azaltmaq üçün vasitəçilik işində ədalətli olmalıdır”

“Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə söykənir”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Prezident qeyd edib ki, sülh danışıqları üçün aparılan görüşlər vacibdir, durğunluğa imkan vermək olmaz. Yenidən prosesdə fasilə yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Demokrat.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyev Avropa İttifaqının vasitəçiliyinə önəm verir:

“II Qarabağ müharibəsindən sonra Avropa İttifaqı prezidenti Şarl Mişel irəli sürdüyümüz “5 əməl” prinsipini rəhbər tutaraq Ermənistanla Azərbaycan arasında real vasitəçilik missiyasını həyata keçirir. Bu da təbii ki, Azərbaycan tərəfini qane edən əsas faktorlardan biridir”.

Politoloq qeyd edib ki, bu gün Azərbaycan tərəfi Avropa İttifaqı çərçivəsində aparılan danışıqlarda ondan bu və ya digər şəkildə narazı qalmayıb:

“Xankəndinə humanitar yüklərin daşınması üçün Laçın yoluna alternativ Ağdam yolunun istifadəsinə razılıq da məhz bu danışıqlarda əldə edilib.

Ümumiyyətlə, Azəbaycan tərəfinin verdiyi təkliflər demək olar ki, Aİ tərəfindən qəbul olunur. Rusiya indiyə kimi danışıqlarda manipulyasiyaya cəhd edirdi, real praktik irəliləyiş əldə olunmurdu. Amma Aİ ilə danışıqlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yönəlib”.

Məhəmməd Əsədullazadə əlavə edib ki, danışıqlarda digər məsələlər, xüsusilə Ermənistanın irəli sürdüyü Dağlıq Qarabağ məsələsi istisna edilib, Aİ Azərbaycanın mövqeyini dəstəkləyib: “Şarl Mişel öz açıqlamalarında da Dağlıq Qarabağ ifadəsi və ya oradakı ermənilərə hər hansı status verilməsindən söz açmayıb. Bu məqamları rəhbər tutaraq deyə bilərəm ki, Aİ vasitəçilik missiyasını məsələyə obyektiv yanaşaraq həyata keçirir.

Cənubi Qafqazda indi yeni bir geo-siyasi vəziyyət formalaşıb. Aİ-nin də öz maraqları var, bizimki ilə üst-üstə düşür. Buna görə də o bu məsələdə Azərbaycanı dəstəkləyir. Aİ yaxşı bilir ki, Rusiyanın regiondakı təsirini azaltmaq üçün vasitəçilik işində ədalətli olmalıdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az