Bakının Xəzər rayonunda 4 yaşlı Məryəmi öldürməkdə təqsirləndirilən Mehman Mansurov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, şikayətində barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib.
Mehman Mansurovun şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Həsən Əhmədovun icraatına verilib. Apellyasiya şikayəti üzrə məhkəmə ilkin dinləmə keçirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları, həmçinin apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı sentyabrın 9-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Məlum olub ki, 1990-cı il təvəllüdlü Mehman Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini müxtəlif vaxtlarda döyüb.
Uşağın öldüyünü görən Mehman Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
İstintaq orqanı tərəfindən Mehman Mansurovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 133.2.4-cü (Əzab vermə) maddələri ittiham elan edilib.
Qeyd edək ki, bu iş üzrə Məryəm Hüseynlinin atası Taleh Allahyarov da həbs olunub. Onun cinayəti ayrıca icraata ayrılıb.
Taleh Allahyarov hadisədən əvvəl ATV-nin “Bizimləsən” proqramında iştirak edib. Veriliş zamanı Taleh Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə Taleh Allahyarovun 4 yaşlı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələr görüntülənib.
Bu görüntülərdən sonra Xəzər rayon Polis İdarəsinun əməkdaşları studiyaya gələrək Taleh Allahyarovu saxlayıblar.
Onu da qeyd edək ki, Taleh Allahyarovun arvadı ondan boşanmaq üçün azyaşlı uşağını da ataraq evdən gedib. Taleh arvadı ilə barışmaq üçün azyaşlı uşaqla şantaj edib. Taleh Allahyarova Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Taleh 2018-ci il təvəllüdlü qızı Məryəm doğulduqdan sonrakı dövrlərdə yaşadıqları Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində yerləşən nömrəsiz evdə müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2022-ci ilin yanvarın əvvəllərində, ölümündən təxminən 2 həftə öncə mütəmadi olaraq onu döyüb, işgəncə verib.
Xəzər rayon Məhkəməsinin hökmü ilə Taleh 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fariz Məlikli Demokrat.az


