Sosial Özəl

Ekspert: “Kursa gələn 55-60 yaşlarında müəllimlər bəsit məsələləri bilmirdilər”

Ekspert: “Kursa gələn 55-60 yaşlarında müəllimlər bəsit məsələləri bilmirdilər”

Azərbaycanda müəllimlərin sertifikasiyası davam edir.

Demokrat.az xəbər verir ki, 9 avqust 2023-cü il tarixində 2022-ci ildə keçirilən sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, 31 avqust tarixində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, sertifikasiyadan keçən müəllimlərin əməkhaqqısında diferensiallaşmış qaydada artım olur. 51 baldan yuxarı nəticə əldə edənlərin əməkhaqqısında 35, 30-51 aralığında bal toplayanların əməkhaqqısında isə 10 faiz artım olur:

“Əgər yaşı 60-dan yuxarı olan müəllimlər əməkhaqqlarının artmağını istəyirsə, nəzərə alsaq ki, bu artım təqaüd məbləğində də rol oynayacaq, könüllü şəkildə imtahanda iştirak edə bilər”.

Ekspert qeyd edib ki, sertifikasiyanın keçirilməsində məqsəd təhsil sektorunda çalışan şəxslərin yeni çağırışlara cavab verməsini, şagirdlərə tədris proqramını bilən müəllimlərin dərs deməsini təmin etməkdir. Sertifikatlaşmadan keçməyən şəxsə növbəti il yenidən şans verilir. İkinci dəfə də uğursuz nəticə göstərərsə, əmək müqaviləsinə xitam verilir:

“Təcrübəmə əsasən deyə bilərəm ki, imtahana hazırlıq üçün kursa gələn 55-60 yaşlarında bir neçə nəfər müəllim təəssüflər olsun ki, bəsit məsələləri bilmirdilər. Orta yaşlı müəllimlər özlərini təkmilləşdirməyə ehtiyac duyur. Bəzi orta yaşlı müəllimlər kurrikulum proqramına uyğun biliklərə sahib deyilsə, imtahana hazırlaşmaqla biliklərini artıra bilirlər. Həmçinin özlərini inkişaf etdirirlər.

Elə müəllimlər var ki, 55-60 yaşları var, amma yenə də öz üzərilərində çalışırlar. Elm və Təhsil Nazirliyinin statistikasına baxsaq, görərik ki, bu yaş aralığında sertifikasiyadan uğurlu nəticə əldə edən müəllimlər var. Lakin imtahandan kəsilənlərin də sayı az deyil. Bu da onu deməyə əsas verir ki, həmin müəllimlər nə qədər təcrübəli də olsalar, müvafiq proqram üzrə bilik və bacarıqları azdır”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az