Məhərrəmlik ayında böyüklərlə yanaşı, uşaqların da məscidlərə getdiyinin şahidi oluruq.
İslam dini azyaşlıların məscidlərə aparılmasını təqdir edir. Bunun üçün hər hansı yaş məhdudiyyəti qoyulmayıb. Məscid İslamda insanlara gözəl əxlaq, təlim-tərbiyə verən məkandır.
İnsanlara vicdan və dini etiqad azadlığı tanıyan Azərbaycan Respublikasının qanunvericiliyinə görə valideynlər uşaqları özlərinin dini əqidəsi və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər. Lakin uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. "Dini etiqad azadlığı haqqında" Qanuna görə uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Məhərrəmlikdə uşaqların əzədarlıq məclislərinə aparılmamasını tövsiyə edir. Nazirliyin tövsiyəsini nəzərə almayıb azyaşlı uşağını belə mərasimlərə aparan valideynlər bunun uşağın psixoloji vəziyyətinə təsirindən də məlumatlı olmalıdırlar.
Psixoloq Ayşən Bayramova Demokrat.az-a açıqlamasında bildirib ki, dini qavramların zehni və duyğusal olaraq sağlam şəkildə uşağa ötürülməsi lazımdır.
"Məktəbəqədər dövrdə uşaqda Allah təsəvvürünün formalaşması dini inkişaf müddətinin mərkəzində yerləşir və birdən çox kanalla uşağın beyninə kodlanır. Allah sevgisi və Allah qorxusu, inanc duyğusunun təməlini təşkil edən iki əsas duyğudur. Belə ki, uşağın duyğu və düşüncə dünyasında formalaşan ilk Allah təsəvvürü insanın gələcəkdə dinə münasibətinə təsir edə bilir. Bu təsir qorxuya və ya güvən və sevgiyə əsaslanmasından asılı olaraq həm müsbət, həm də mənfi ola bilər".
Psixoloq qeyd edib ki, buna görə uşağın yaxın ətrafında olan şəxslərin daha diqqətli davranması lazımdır:

"Uşaqlarda Allah təsəvvürünün formalaşmasında Allah sevgisi əsas olmalıdır.
Ağır dini mərasimlərdə 11 yaşdan aşağı uşaqların iştirakı onlara travma yaşatmaqla yanaşı, Allah və dinə qarşı neqativ münasibət yarada bilər.
Buna görə də, uşaqda Allah təsəvvürünü formalaşdırmaq üçün yeganə sağlam yol onun psixikasının həqiqətən ehtiyac hiss etdiyi Allah sevgisi və güvən duyğusu olmalıdır".
Törə Zeynallı Demokrat.az


