Ermənistanın Laçın yolu ilə Qarabağ ermənilərinə humanitar yük adı altında avtomobil konvoylarını göndərməsi avropalı nümayəndələr tərəfindən müşahidə edilib. Bu, ziddiyyətli məqamdır. Avropa İttifaqı Şurası sonuncu Brüssel görüşündə ermənilərə humanitar yüklərin daşınması üçün Azərbaycanın təklif etdiyi Ağdam – Xankəndi yolunun istifadəsinə razılaşdı. Amma avropalı müşahidəçi qrup həmin TIR-ları uzaqdan müşahidə edib. Üstəgəl, iyulun 27-də Avropa Birliyinin xarici məsələlər üzrə komissarı Jozef Borrelin açıqlaması bu ziddiyyəti daha da artırır.
Borrel deyib ki, Aİ Ağdam yolu ilə yüklərin çatdırılmasına razı olsa da bu, Laçın dəhlizinin açılmasına alternativ deyil.
Avropa İttifaqı gərginliyin qalmasında maraqlı ola bilərmi?

Məsələ ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir halda bu ziddiyyətli məqamdır:
“İnternetdəki görüntülərdən də aydın olur ki, Avropa İttifaqının nümayəndələri uzaq məsafədən daşınmaları izləyirlər. Həmin TIR-lar Azərbaycan sərhədinə yaxınlaşa bilməzdi, bu, beynəlxalq hüquqa ziddir. Avropa İttifaqı Şurası nümayəndələri də məhz buna görə onların hərəkətini izləyirdi.
Brüssel görüşündə Ağdam yolu məsələsinə toxunuldu. Şarl Mişelin yekun bəyanatında belə bir bənd var ki, humanitar məqsədlərçün Ağdam istiqamətindən də istifadə edilə bilər. Lakin indi görürük ki, Avropa Birliyinin Xarici məsələlər üzrə komissarı Jozef Borrel açıqlama verir ki, Ağdam yolu müzakirə olunsa da Laçın yolundan da istifadə edilə bilər. Heç kim bizə əmr verə bilməz. Azərbaycan tərəfi xarici ölkədən gələn yüklərin hansı məntəqədən keçməsini özü müəyyənləşdirir. Biz də Ağdam yolunu göstərmişik. Hesab edirəm ki, ermənilər əvvəl-axır bununla razılaşmaq məcburiyyətində qalacaq”.

Avropa İttifaqının bu yanaşmasının suallar doğurduğuna diqqə çəkən politoloq qeyd edib ki, Azərbaycan Aİ-nın vasitəçiliyinə müsbət yanaşır:
“Onların vasitəçiliyə görüşlər keçirilib. Sonuncu hadisələr bir qədər ziddiyyət yaratsa da onu qeyd etmək lazımdır ki, nümayəndələr Azərbaycan sərhədinə yaxınlaşmadılar, sadəcə uzaqdan müşahidə edirdilər”.
Rəsmi Bakının qəti mövqeyini dünən bir daha təkrarladığını deyən E.Şahinoğlu əlavə edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyev də tvitter hesabında ermənilərin yalnız Ağdam isiqamətindən isifadə edə biləcəyini diqqətə çatdırdı:
“Müxtəlif güclər Azərbaycana qarşı birləşib. Qəribədir ki, bir-birilə zidd mövqedə olan ölkələr – İran, Rusiya, Qərb bu məsələdə sanki həmrəy olub, separatçıları dəstəkləyirlər. Heç biri Ermənistana demir ki, humanitar məqsədlərçün sizə yol göstərilib, ondan istifadə edin. Ukrayna müharibəsində, nüvə anlaşmasında bir-birilə razılaşmayan tərəflər Azərbaycanla bağlı məsələdə dırnaqarası vahid mövqedən çıxış edirlər”.
Törə Zeynallı Demokrat.az


