Gündəm Özəl

“Qərbi Zəngəzura qayıdışla bağlı Rusiyadan dəstək gözləmək böyük səhv olardı” — Politoloq

“Qərbi Zəngəzura qayıdışla bağlı Rusiyadan dəstək gözləmək böyük səhv olardı” — Politoloq

Moskvada Rusiya, Ermənistan, Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir.

Azərbaycanla Ermənistan arasında həllini tapmayan məsələlərdən biri də Ermənistandan deportasiya olunan azərbaycanlıların öz tarixi vətənlərinə qayıtmasıdır.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsini yenidən gündəmə gətirib.

Prezident vurğulayıb ki, Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları haqqında danışırsa, Azərbaycan da Zəngəzurda, Göyçədə, İrəvanda yaşamış azərbaycanlıların hüquqları haqqında danışmalıdır və insanların təməl hüquqlarının tanınması qarşılıqlı şəkildə olmalıdır. Prezident bu məsələnin üçtərəfli bəyanatın maddələrində əks olunduğunu da xatırladıb.

Gözlənilən növbəti Moskva görüşündə azərbaycanlıların Qərbi Zəngəzura qayıdışı məsələsi müzakirə oluna bilərmi?

“Doğma yurdlarına qayıtmaq azərbaycanlıların haqqıdır. Soydaşlarımızın Qərbi Azərbaycandan didərgin düşməsi 30 illik Qarabağ münaqişəsinin ən faciəli nəticələrindən biridir. Və bu, Rusiyanın qüsurudur ki, sözügedən məsələ 10 noyabr bəyannaməsinin 7-ci bəndində nəzərdə tutulsa da, o bunu rahatlıqla gözardı edir. Necə ki, 4-cü müddəanı gözardı etdi. 10 noyabr sənədində nəzərdə tutulurdu ki, Rusiya sülhməramlıları Qarabağa gələrkən paralel olaraq qanunsuz erməni silahlı birləşmələri oradan çıxarılsın. Qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıdışı məsələsi Rusiyanın vasitəsilə deyil, məhz BMT-nin Qaçqınlarla bağlı Komissarlığının nəzarətilə baş tutsun”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

“Qərbi Zəngəzura qayıdışla bağlı Rusiyadan dəstək gözləmək böyük səhv olardı” — Politoloq

O qeyd ediib ki, bu məsələ birtərəfli qaydada yalnız Ermənistanın və ermənilərin lehinə həll oluna bilməz:

“Söhbət qaçqınlardan gedirsə, Qarabağdan Ermənistana qaçmış ermənilər var idi ki, Rusiya onları ildırım sürətilə geri qaytardı. Çünki onların varlığı və saylarının çoxluq təşkil etməsi Qarabağda uzun müddətdə rus hərbi kontingentinin qalmasına şərait yaradacaqdı”.

Politoloq vurğulayıb ki, əgər ermənilər Qarabağa qayıda bilirsə, bizlərin hüququ da bərpa olunmalıdır:

“Ermənistandan qovulmuş minlərlə soydaşımızın problemini nə Rusiya, nə də digər dünya gücləri gördü. İndi artıq Azərbaycan dövlət səviyyəsində bu məsələni qaldırıb. Bu həqiqəti tanımaq məcburiyyətindədirlər. Bu azərbaycanlıların hüquqları tapdanıb, didərgin salınıblar”.

N.Miri qeyd edib ki, Rusiyanın bu məsələdə nə qədər maraqlı olduğunu demək çətindir. Rusiya üçün bu gün maraqlı olan Qarabağda uzun vədədə varlığını sürdürməkdir:

“Bununçün də əlindən gələni edir. Qarabağda təşkil olunan etiraz aksiyaları, alternativ təchizat yolunun Ağdam və Bərdədən keçməsilə bağlı təklifin qarşısına blok-postlar qoyması, hələ də terrorçu ermənilərin rotasiya qaydasında yerdəyişməsini dəstəkləməsi, onları silahlandırması sübutlardır. Rusiyanın ATƏT-dəki daimi nümayəndəsinin açıqlamasına baxın. Tələb edir ki, sülh müqaviləsində Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələsinə təminat verilsin. Hansı ki, Azərbaycan bu məsələni iki ayrı prosesə ayırıb”. Politoloq son olaraq əlavə edib ki, Qarabağ məsələsi daxili məsələ olduğu üçün hansısa bir xarici dövlətin müzakirə predmeti olmamalıdır:

“Sülh müqaviləsi Azərbaycanla Ermənistan arasında imzalanacaq. Rusiya bu gün belə bir şey tələb edirsə, sülh müqaviləsinin bağlanmasına deyil, əksinə çalışır. Bu gerçəklər ortada ola-ola Moskvada XİN başçılarının düşünülən görüşündə azərbaycanlıların Qərbi Zəngəzura qayıtması məsələsinin müzakirə olunacağını gözləmək böyük yanlışlıq olardı. Rusiyadan hər hansı məsələnin həllilə bağlı gözləntim yoxdur. O, sülh müqaviləsinin bağlaması yolunda duran ən birinci əngəldir”.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az