Günümüzdə sosial şəbəkələr insan həyatının ayrılmaz parçasına çevrilib. İnsanlar sevinclərini, həyatlarında baş verən xoş hadisələri, müsbət yenilikləri sosial şəbəkələrdə paylaşır. Çoxları getdikləri yerlərdən, gəzib gördükləri məkanlardan foto və videolar yerləşdirir. Bu insanlarçün sosial şəbəkələr həm də bir növ arxiv rolunu oynayır, gözəl anlarını onlara xatırladan bir təqvimə çevrilir. Bu, sosial şəbəkələrin üstünlüklərindən biridir. Həmin insanlar da sosial şəbəkələrin bu funksiyasından yararlanır, xoş xatirələrini bir arada toplayırlar.
Pozitiv anlarla yanaşı kədərini, başına gələn hər hansı bədbəxt hadisəni paylaşanlar da az deyil. Əlbəttə, xoş anlarını paylaşdığı kimi, insan qəm-kədərini də paylaşmaq ehtiyacı hiss edir. Lakin, sosial şəbəkə aludəçiliyi o qədər geniş yayılıb ki, bəzən bu paylaşımlar ikrah yaradır. Kimisi xəstəxanadan şəkilini paylaşır, kimisi aldığı zədənin, qoluna qoşulan sistemin… Bəzilərisə lap ifrata vararaq az qalır ki, vəfat edən yaxınının cansız bədəninin fotosunu da paylaşsın…
Psixoloq, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və təlim mərkəzinin təsisçisi və direktoru Əli Xəlilov Demokrat.az-a açıqlamasında deyib ki, on il əvvəllə müqayisədə indi sosial şəbəkədən istifadə pik həddə çatıb:
“Sorğu keçirsək, görərik ki, əksər insanlar bir neçə sosial şəbəkədən aktiv istifadə edir. Bunu on il əvvəl etsəydik, eyni nəticəni almayacaqdıq. Sosial şəbəkələrdə aktivlik ötən dövrlərlə müqayisədə daha da yüksəlib. İnsanlar həyatlarında baş verənləri sosial şəbəkələrdə bölüşürlər. Elə insan var ki, getdiyi ölkədən bir neçə foto paylaşmaqla kifayətlənir. Elələri də var ki, hər anını, hər saatını paylaşır”.

Psixoloq qeyd edib ki, mənfi hadisələrdə də eynilə belədir:
“Bəzilərinin məqsədi tanışlarına, eləcə də tanımadıqları şəxslərə özlərini tanıtmaq, diqqət görməkdir. Demonstrativliklə diqqət çəkmək istəyidir bu. Diqqət, qayğı ehtiyaclarını sosial şəbəkələrdə paylaşımlarına gələn bəyənmələr, şərhlərlə ödəmiş olurlar.
Bunun neqativ tərəfləri də var. Paylaşıma az adam baxa bilər, bəyənmə sayı az olar bilər, şərh yazılmaya bilər. Bu da insanlarda narahatlıq yaradır”.
Ə.Xəlilovun sözlərinə görə, insanlar sosial şəbəkələrdə özlərini ideal göstərməyə çalışırlar. Bunu həm görünüşlərilə, həm də xarakterilə bağlı məqamlarda büruzə verirlər:
“Hələ 1986-cı ildə “mən” konsepsiyasını əsas götürən bir tədqiqat aparılmışdı. İnsanın düşüncəsində özü barədə formalaşan üç yanaşma ortaya qoyulmuşdu - “ideal mən”, “ola biləcəyim mən” və “qorxduğum mən”. Bunların üçünə də bugünkü gündə sosial şəbəkələrdə rast gəlirik. Bəzi insanlar sosial şəbəkə həyatlarında özlərini olduqları kimi deyil, olmaq istədikləri kimi göstərir, özlərinin ideal obrazlarını yaradırlar. İsterik şəxsiyyət tipləri, demonstrativlyi öz üzərilərinə çəkmək istəyənlər bunu daha çox edirlər.
Eynilə hər addımlarını paylaşanlar da daha çox bu tip insanlardır. Halbuki cəmiyyətdə sosial normalar var. Heç də hər şeyin paylaşılması şəxs haqqında yaxşı təəssürat yaratmır, bəzən ikrah doğura bilir. İnsan bunu affekt vəziyyətdə olduğuna görə də etmiş ola bilər. Bu, müəyyyən qədər başa düşüləndir. Lakin çoxlarında bu hal artıq vərdişə çevrilib”.
Törə Zeynallı Demokrat.az


