Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin "məcburi hallar" istisna olmaqla, şəhərin bütün ərazilərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.
Demokrat.az xəbər verir ki, Nazirliyin bazar günü yaydığı bəyanatda, İstanbulda qapalı adlanan ərazilərin siyahısının ötən ilin oktyabrından dəyişmədiyi bildirilir.
Qeyd olunur ki, buraya 10 bələdiyyə daxildir.
"İstanbulda əcnəbilərə yaşamaq icazəsi verən 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Yaşayış icazəsinin verilməsinin dayandırıldığı 10 rayon var.
Miqrasiya İdarəsi müəyyən ərazilərdə əcnəbilər tərəfindən həddindən artıq məskunlaşmanın qarşısını almaq üçün vaxtaşırı yerlərdə vəziyyəti təhlil edir. Bu məqsədlə 2019-cu ildə İstanbul müvəqqəti qoruma altında olan suriyalıların qeydiyyatı üçün bağlanıb.
2021-ci ilin yanvar ayında İstanbulun Fatih və Esenyurt rayonları ilkin yaşayış icazəsi almaq üçün bağlandı, 2022-ci ilin oktyabrında isə qiymətləndirmələrin nəticələrinə görə bu rayonlara Avcılar, Bahçelievler, Başakşehir, Bağcılar, Esenler, Küçükçekmece, Sultangazi və Zeytinburnu da əlavə edilib”, - deyə İdarənin açıqlamasında bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-də əcnəbilərə ilkin yaşayış icazələrinin verilməsi üçün İstanbulun bütünlüklə bağlanması haqqında məlumat yayılıb.


