Gündəm Özəl

Gərginləşən Rusiya — İran münasibətləri fonunda Zəngəzur dəhlizi — Politoloqdan VACİB DETALLAR

Gərginləşən Rusiya — İran münasibətləri fonunda Zəngəzur dəhlizi — Politoloqdan VACİB DETALLAR

Son günlər regionun iki aparıcı dövləti olan Rusiya ilə İran arasında münasibətlər bir qədər kəskinləşib.

İranla Birləşmiş Ərəb Əmirlikləri arasında Fars körfəzindəki Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı yaranan mübahisədə Rusiya İranı dəstəkləməyərək, bu ərazilərin BƏƏ-yə aid olduğunu bəyan edib.

Mübahisəli adalarla bağlı Rusiya ilə İran arasında yaranmış gərginlik Azərbaycanla bağlı da bir vacib məqamı önə çəkir. Söhbət Zəngəzur dəhlizinin açılması istiqamətində əngəllərin aradan qalxma ehtimalıdır.

İran son günlər Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır. Belə olan halda dəhlizin açılması daha yaxın görünür.

“Zəngəzur dəhlizinin açılmasına indiyə qədər mane olan İran idi. İranın Rusiyaya nota verməsi onların münasibətlərini bir qədər gərginləşdirib. İran Fars körfəzindəki üç adanın özünə aid olduğunu iddia edərək Rusiyanı bu yanaşmasına görə ittiham edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev hazırki şəraitdə Zəngəzur dəhlizinin açılması ehtimalından danışarkən bildirib.

O qeyd edib ki, artıq İran mövcud reallığı qəbul etməyə başlayır.

“Rusiya çox gözəl bilirdi ki, bu günə qədər Zəngəzur dəhlizinin açılmasına əngəl törədən İrandır. İran da baxdı ki, bölgədə təklənir. Xüsusilə Ərdoğan növbəti dəfə prezident seçildikdən sonra İranın siyasəti kəskin dəyişdi. İranda Kılıçdaroğlunun seçiləcəyinə dair təbliğat gedirdi. Onların da, ermənilərin də arzuları gözlərində qaldı. İran təcrübəli dövlətdir.

Real vəziyyəti qəbul etməli oldu. Azərbaycanla münasibətləri istiləşdirməyə çalışırlar. Bununla Azərbaycan İranı bir növ zərərləşdirmiş oldu”.

Politoloqun sözlərinə görə, İran ərazisindən dəmiryolunun çəkilməsilə bağlı razılıq da gündəmdədir.

“Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinin davamı olaraq, Böyük İpək Yolunun bir hissəsini təşkil edir. Azərbaycanın kifayət qədər Qərbə çıxışı var. Ermənistan da, İran da bir şeyi dərk etməlidirlər ki, Çinlə Azərbaycanın arasında Qazaxıstan var, Azərbaycanla Avropanın arasında da Gürcüstan. Dəhlizin açılması Ermənistanı da bəladan qurtara bilər. Eyni zamanda Türkiyə üzərindən biz birbaşa Aralıq dənizi vasitəsilə Avropaya çıxış əldə edəcəyik. Afrikaya da çıxış imkanımız ola bilər. Qitənin şimalından Süveyş kanalı vasitəsilə bütünlüklə Hind okeanına yol aça bilərik. Bu bizə gələcəkdə böyük imkanlar qazandıracaq. Çin də bu məsələdə maraqlıdır. Malların təkrar istehsal prosesinin dayanması bir milyarddan çox əhalisi olan Çin üçün böyük faciə deməkdir”.

Son olaraq C.Nuriyev əlavə edib ki, Zəngəzur dəhlizinin açılması bütün regiona mühüm iqtisadi imkanlar vəd edən qapı olacaq.

“Rusiya da müharibə səbəbilə çətin vəziyyətdədir. 147 milyon əhalisinin 111 milyonu ölkənin Avropa hissəsində yaşayır. Avropayasa çıxışları məhdudlaşdırılıb. Azərbaycan hazırda onlar üçün yeganə nəfəslikdir.

Bütün bu məqamlar Azərbaycanın geostrateji mövqeyini gücləndirib və bundan çox ustalıqla yararlanır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova