Avropa Məhkəməsi Ermənistanın Laçında sərhəd nəzarət - buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü tələbinin əsassız olduğuna dair qərar qəbul edib.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov bildirib.
Bir neçə gün əvvəl Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın anoloji tələblərilə bağlı qəti mövqeyini bildirib. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə rəsmi İrəvanın 2023-cü il 12 may tarixli tələbi qəti şəkildə rədd edildi.
“Beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın iddialarına neqativ cavab verilməsi onu deməyə əsas verir ki, artıq dünya ictimaiyyəti erməni uydurmasına və yalanlarına inanmır”.
Bu fikirləri Demokrat.az-a son vaxtlar Azərbaycana qarşı qərəzli mövqedən çəkinən beynəlxalq qurumların qərarlarına münasibət bildirən politoloq Amid Əliyev bildirib.
Politoloqun sözlərinə görə, bu, Azərbaycanın haqlı mövqeyi və reallığı əks etdirən siyasətinin artıq bir sübut etalonu kimi qəbul edildiyinə işarədir. Yəni, Ermənistanın hansı iddia ilə müraciət etməsinin önəmi yoxdur.
“Əsas məsələ ondan ibarətdir ki, Ermənistanın yalan, iftira və reallığı əks etdirməyən xəyalları heç bir halda beynəlxalq qurumlar tərəfindən hüquqi normativ akt şəklində qəbul edilə bilməz.
Son illər Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasət və baş verən hadisələrin detallı şəkildə dünya ictimaiyyətinə çatdırılması məsələlərə ən üst səviyyədə dolğun və ədalətli qiymət verilməsini şərtləndirib”.
A.Əliyev onu da vurğulayıb ki, artıq dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan və selektiv yanaşma prizmasından əl çəkirlər.
“Hazırki vəziyyətdə Azərbaycanın bölgədəki mövqeyi, regionda sülh və təhlükəsizliyin təmin olunmasındakı israrlı addımları və etibarlı tərəfdaş imici onun olmadığı yerlərdə belə haqlı mövqeyinin müdafiə olunmasına zəmin yaradır. Azərbaycana qarşı qara PR kampaniyasına rəvac verən Ermənistan və onun havadarlarının səyi hər zaman olduğu kimi gələcəkdə də boşa çıxacaq”.
Politoloq əlavə edib ki, bu gün istənilən mövzuda Ermənistan tərəfindən gündəliyə çıxarılan məsələ Azərbaycanın siyasi və hüquqi cəhətdən əsaslandırılmış arqumentlərilə cavablandırılır.
“Bu isə beynəlxalq münasibətlərin və hüququn əsas prinsipidir. Bundan sonra da Azərbaycana qarşı irəli sürülən bütün iddialar mövcud arqumentlərlə susdurulacaq. Ermənistanın Azərbaycana qarşı reallığı əks etdirməyən hər cür siyasi, hüquqi və sosial yönümlü aksiyaları indidən məğlubiyyətə məhkumdur”.
Törə Zeynallı Demokrat.az


