Siyasət

Panirançılar Azərbaycan dövləti barədə dezinformasiya yayırlar

Panirançılar Azərbaycan dövləti barədə dezinformasiya yayırlar

Şahullahi və Şeyxullahi fars millətçiləri sosial şəbəkələrdə İran adlanan dövlətin düşmən siyasətinə uyğun olaraq dezinformasiyalar yayırlar.

Bu yayımları ilə İranda – öz doğma torpaqlarında yaşayan etnosların İİR konstitusiyası ilə verilmiş, o cümlədən beynəlxalq qanunlarla təsbit edilmiş etnik və insani hüquqlarını təhdid edirlər. Bu sayaq despotik dövlət siyasətinə baxmayaraq, düşmən bildikləri qonşu ölkələrdə insan haqlarının pozulması barədə saxta xəbərlər yayırlar.

Çoxlu örnəklərdən bir-ikisini deyək. Məsələn İran dövlətinin rəsmi “Eqtesqd Onlin” vebsaytı “Qonşu ölkədə unudulmuş iranlılar” başlıqlı qarayaxmasında yazır:

“Azərbaycan Respublikasında təcrid olunmuş talışlar həm mədəni-maarif məhrumiyyətlərinə, həm də çətin iqtisadi şəraitə görə yaxşı vəziyyətdə deyil. Əhali şiədir və özlərini iranlı hesab edirlər”. (link aşağıda) https://www.eghtesadonline.com/n/1dSs

Eləcə də İran İslam Keşikçilər Korpusuna aid rəsmi xəbər Agenti “Təsnin”-də “Azərbaycan Respublikasındakı talışların vəziyyəti haqqında hesabat” məqaləsində də xüsusi qabardılır ki, talışlar qəsdən diqqətdən kənarda qalan bir xalqdır və s. https://tinyurl.com/28vsxjum

Azərbaycan Respublikasının cənub bölgəsində yaşayan talışların etnik hüquqlarının pozulması barədə daha çox haray-həşir saldıqlarına görə güneyli soydaşlarımıza doğru statistikanı sərgiləməyi özümə borc bilirəm.

Bildirim ki, Azərbaycan Respublikasında 36 adda (kökənli/yerli) etnos və ya etnik azlıq yaşayır. Bunun 35-i, yəni 10 milyon 200 min nəfərlik əhalinin 17 %-dən çoxu etnik azlıqlardır. Yalnız Azərbaycan türkcəsində danışan əhali 83 %-ə qədərdir.

Azərbaycan Respublikasının Konstitusiyası azsaylı xalqların ana dilindən istifadə hüququnu tanıyır:

Maddə 44. Milli mənsubiyyət hüququ

I. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

Maddə 45. Ana dilindən istifadə hüququ

I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz.

Bu maddələrə uyğun olaraq məktəbəqədər, natamam orta və tam orta təhsil məktəblərində bütün etnosların ana dilinin tədrisi haqqında Azərbaycan Respublikasının prezidenti 16 sentyabr 1992-ci ildə fərman imzaladı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi statistikasına baxaq: Respublikanın 13 rayonunda – Lənkəran, Astara, Balakən, Oğuz, Quba, Qusar, Qəbələ, Zaqatala, İsmayıllı, Lerik, Masallı, Samux və Xaçmazda yaşayan etnik azlıqların uşaqlarının öz ana dilini, adət-ənənələrini, mədəniyyətini öyrənmələri üçün ciddi işlər edilib. Azsaylı etnik qrupların – talış, ləzgi, avar, kürd, udin, saxur, ivrit, xınalıq, buduğ, rutul vs. dillərini ana dili kimi öyrədən məktəblərin I-IV sinifləri üçün tədris planlarında həmin dillərin tədrisi üçün həftədə 2 saat dərs yükü ayrılıb, tədrisinin səmərəli təşkili üçün proqram və dərsliklər və metodik vəsaitlər, tövsiyələr və s. hazırlanıb.

Respublikanın təhsil sistemində fəaliyyət göstərən 435 məktəbəqədər tərbiyə müəssisəsində 8347uşağın təlim-tərbiyəsi rus dilində, 320-yə yaxın uşağı əhatə edən 17 müəssisədə gürcü dilində təlim-tərbiyə alır. Buna uyğun olaraq 3 dildə tam tədris planları təsdiq edilib.

Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur. Həmin dillərin əhatə dairəsi aşağıdakı kimidir: ləzgi dili (98 məktəb, 12325 şagird), talış dili (225 məktəb, 19010 şagird), avar dili (22 məktəb, 1489 şagird), saxur dili (5 məktəb 492 şagird), udin dili (3 məktəb 183 şagird), kürd dili (2 məktəb 42 şagird), xınalıq dili (1 məktəb 109 şagird), ivrit dili (1 məktəb 74 şagird). Beləliklə, respublika üzrə 357 ümumtəhsil məktəbində milli azlıqlara mənsub 33 719 şagird öz ana dilini öyrənir.

Ölkəmizin ümumtəhsil məktəblərində təlim Azərbaycan, rus və gürcü dillərində aparılır. Qarabağ regionunda yaşayan arsaxlar da adaptasiyadan və vətəndaşlıq alandan sonra öz dillərində təhsil alacaqlar.

Eyni zamanda, 3910 nəfər şagird əhatə olunmaqla 16 məktəbdə təlim yalnız rus dilində, 673 şagird əhatə olunmaqla 10 məktəbdə isə gürcü dilində aparılır. Təlim Azərbaycan və rus dillərində aparılan 321 məktəbdə 100 089 şagird rus bölməsində, təlim Azərbaycan-gürcü dilində aparılan 3 məktəbdə 359 şagird gürcü bölməsində, təlim Azərbaycan, rus və gürcü dillərində aparılan 1 məktəbdə 103 şagird gürcü bölməsində, 90 şagird rus bölməsində təhsilə cəlb edilmişdir. Beləliklə, respublikanın 337 məktəbində 104 minə qədər şagird rus dilində, 10 məktəbində isə 1135 şagird gürcü dilində təhsil alır. Gürcü dilində ümumtəhsil məktəbləri Qax (7 məktəb), Zaqatala (2 məktəb) və Balakən (1 məktəb) rayonlarındadır.

Göründüyü kimi İrandan fərqli olaraq, Azərbaycanda etnik azlıqların kompakt yaşadıqları bölgələrdə hələ məktəbəqədər tərbiyə müəssisələrində uşaqlar öz ana dillərində danışırlar.

Ana Dili Nizamnaməsi, Ümumdünya Dil Hüquqları Bəyannaməsinin 4-cü maddənin 3 və 4-cü bəndləri, Uşaq Hüquqları haqqında Konvensiyanın 30-cu maddəsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 27-ci maddəsi və buna bənzər bir sıra humanist qanunlar, insan hüquqlarını qoruyan sənəd və müqavilələr etnik, milli, dil mənsubluğuna hörməti tələb edir, ana dilində təhsil hüququnu ortaya qoyur.

İran adlı dövlətin Ana yasasının (Konstitusiyasının) 15-ci maddəsində isə yazılır: “İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisi azaddır”. İran İslam Cümhuriyyətinin əsas qanunu. Bakı, “Qızıl Şərq”, 1993, səh. 96 Göründüyü kimi, heç bir ibtidai təhsilə belə icazə vermədən öz dilində məişət səviyyəsində danışmaq, yazmaq olar deyir İranın ana yasası. Yəni etnik azlıqlar öz taleləri, ədəbiyyatları, gələnək-görənəkləri barədə danışa bilərlər, media vasitələrində fars dili ilə müştərək işlədə bilərlər, amma, bu danışmanın təhsilini ala bilməzlər.

Bundan əlavə, İran İslam Respublikasının Konstitusiyasının 19-cu maddəsində yazılır:

“İran xalqı etnik mənsubiyyətindən, qəbiləsindən asılı olmayaraq bərabər hüquqlara malikdir, rəng, irq, dil və s. imtiyazlara səbəb olmayacaq”. Ancaq bu qanun İran əhalisinin mütləq əksəriyyətini təşkil edən türk azərbaycanlıların, qaşqayların, türkmənlərin öz dilində ibtidai təhsil almalarına heç bir şərait yaratmır. Mütləq fars hegemonluğu yaradır.

Fərqi gördünüzmü, əziz soydaşlarımız! Məhəmməd peyğəmbər demiş: “Lənət olsun saxta danışanlara!”

P.S: Bir şeyx dedi bir qadına: murdarsan, Hər gün bir kişi ilə, dolanıb oynarsan! Xatun dedi şeyxə: sözlərin düz, ancaq, Söylə, sən özün göründüyüntək varsan? Deməli: “Öz gözündə tiri görməyən, özgə gözündə qıl axtarır”.

Həbib Sasanian (Yakamoz) Demokrat.az

D
demokrat.az