Azərbaycanda problemli sahələrdən biri də elmdir. Ölkədə elmin inkişafına əngəl yaradan məsələlər vaxtaşırı müzakirə edilir, geniş diskussiyalara, fikir ayrılıqlarına səbəb olur. Elmi adların və dərəcələrin verilməsi də Azərbaycan elminin yaralı yerlərindəndir. Bəzən saxta elmi ad və dərəcələrin verilməsi xəbərlərinə rast gəlirik.
Digər bir məsələ isə ölkədə elmlə məşğul olmaq istəyən şəxslərin, gənc alimlərin qarşısında dayanan çətin tələblər, bu tələbləri yerinə yetirmək üçünsə maddi imkanlarının məhdud olmasıdır. Tanınmış tarixçi alim, dosent Zaur Əliyev ölkədə elm sahəsində bəzi problemləri və onlardan çıxış yolları ilə bağlı fikirlərini Demokrat.az-a açıqlamasında şərh edib.
Bir sıra məqamlara toxunan alim qeyd edib ki, Azərbaycanda elm siyasəti, elmi dərəcə və adların verilməsi dünya standartlarına uyğun gəlmir:
“Bizdə elmi ad və dərəcələrin verilməsi üçün tələb olunan şərtlər o qədər ağırdır ki, insanlar məcbur başqa vasitələr axtarmalı olur. Ali Attestasiya Komissiyası haqlı olaraq düzgün iş tələb edir. Qanunvericiliyə əsasən elmi adların verilməsi üçün müəyyən şərtlər ödənməlidir. Məsələ budur ki, bütün elmi ad və dərəcə almaq istəyənlərin hamısımı alimdir?
Bu suala cavab tapmaq lazımdır. Niyə bəzi məmurlar, yüksək vəzifəli şəxslər elmi ad və dərəcə almaqçün cəhd edirlər? Bu da bizləri düşündürməli olan məqamlardan biridir”. Azərbaycanda ikili müdafiə sisteminin olduğunu bildirən Z.Əliyevin sözlərinə görə, dünyada qəbul olunmuş bir müdafiə sistemi var – fəlsəfə doktoru və professorluq:
“Amma Azərbaycanda həm elmlər doktorluğu var, həm də fəlsəfə doktorluğu. Bu nə dərəcədə doğrudur?! İnsan bir elmi işi yazar, tədqiqatı aparar, elmi dərəcə aldıqdan sonra yenə işinə davam edər. Bizdə isə bunu almaq üçün yenidən tədqiqat işi aparmağa, elmi məqalə yazmağa ehtiyac var. Olmaz ki, ölkədə bir elmi dərəcə, ad olsun və sənədlər hamısı elektron formada təqdim olunsun?!
Kağız formada təqdim olunan sənədlərdə müəyyən problemlər yaranır. Olmaz ki, Ali Attestasiya Komissiyasının saytı normal fəaliyyət göstərsin və namizədlər özləri öz sənədlərini ora daxil etsinlər?!
Kağız sənədlər elmi fəaliyyətlə məşğul olmaq istəyən insanları yorur, bu işin arxasıyca getmək istəmirlər. Elmlə əlaqəsi olmayan digər şəxslərsə istənilən xərci çəkib ad ala bilirlər. Belə şəxslərin professor, dosent olmağı onlara və Azərbaycan elminə nə qazandırır?!”.
Tarixçi azərbaycanlı alimlərin dünya reytinqinə düşə bilməməsinin səbəblərindən də danışıb:
“Elmi adlar və dərəcələr elm və təhsil sahəsində fəaliyyətləri olan insanlara verilməlidir. Prokurorluqda, administrasiyada, icra hakimiyyətində işləyənlərin, deputatların elmi adı var. İllərlə nazirlikdə işləyib gəlib müdafiə edirsə, o, dissertasiya yazmağa necə vaxt tapacaq?!
Elmi iş yazmaq asan iş deyil. Bununçün arxivlərə, kitabxanalara getmək lazımdır, xaricdə ciddi məqalələrin çap olunmalıdır, konfranslarda, elmi müzakirələrdə iştirak etmək gərəkdir. 70-80 yaşında insanlar elmi ad almaq istəyirlər. Gənclərə şərait yaradılmır. Əksəriyyəti də imkanlıdır. Qısa zamanda dissertasiyalarını yazdırırlar, məqalələrini çap etdirirlər”. Ali Attestasiya Komissiyasının məqalə sayını nəzərə aldığını qeyd edən Z.Əliyev elmlə məşğul olan şəxslərin məvacibinin aşağı olmasını da problemlər arasında göstərib:
“Xaricdə bir məqalə çapı 200-1000 dollara başa gəlir. Akademiyada aşağı maaşa işləyən şəxs bunu edə bilmir. Mən ölkədə tanınmış bir alim kimi ildə maaşıma uyğun olaraq 2-3 məqalə çap etdirə bilirəmsə, elmlə əlaqəsi olmayan şəxslərsə ildə 10 məqalə çap etdirirsə, bu nə qədər ədalətlidir?! Alimin aşağı maaşı daha çox məqalə çap etdirməsinə imkan vermir”.
Tarixçi alimin fikrincə, Azərbaycanda elmin inkişafı üçün həm də dünya reytinqində olan yerli jurnalların çap edilməsinə ehtiyac var:
“Dünya reytinqinə daxil olan elmi jurnallarımız çox azdır. Olanlar dəqiq və təbiət elmlərinə aiddir, humanitar və ictimai elmlər üzrə jurnallar yoxdur. Yaxşı olardı ki, yerli jurnallarımızı dünya səviyyəsinə qaldırıb, məqalələri ölkədə çap etdirək. Əgər bir alimə istinad yoxdursa, o necə professor ola bilər?
Alimlərin məqalələri dünya səviyyəli jurnallarda, elmi saytlarda işıq üzü görməlidir, ona istinad edilməlidir”.
Z.Əliyev son olaraq əlavə edib ki, elmi ad və dərəcə almaq üçün müraciət edən şəxslərin elmi fəaliyyətlərinin izlənilməsində müəyyən çatışmazlıqlar var:
“Alimlərimizin tədqiqat işlərinin müzakirəsi zamanı Ali Attestasiya Komissiyası sonradan kasetə baxmalı deyil. Komissiyanın nümayəndəsi özü şəxsən gəlib müzakirədə iştirak etməlidir. Verilən suallara cavablar, aparılan müzakirələr əsasında qərar verilməlidir. Öz dissertasiyasının müdafiəsində bir dənə də olsun suala cavab verə bilməyən nə qədər insan var. Öz elmi işlərilə bağlı təklif irəli sürə bilmirlər. Elmi ədəbiyyat oxumurlar.
Hesab edirəm ki, Komissiyanın professor və dosent adlarının verilməsilə bağlı qərarı düzgündür, lakin prosesin izlənilməsində, nəzarət mexanizmində çatışmazlıqlar var. Elmlər doktorluğu ləğv edilsə, tək fəlsəfə doktorluğu dərəcəsi qalsa, proses daha şəffaf olar. Ali Attestasiya Komissiyasının qoyduğu şərtlər normaldır, bununla razıyam. Problem proseslərin hansı şəkildə həyata keçməsidir”.
Törə Zeynallı Demokrat.az


