Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Laçın dövlət sərhədində buraxılış məntəqəsindən keçidi müvəqqəti olaraq dayandırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Belə ki, BQXK-ya məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi faktları aşkarlanıb.
Bildirilib ki, bu, Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması ilə yanaşı, həm də ölkəmizin adıçəkilən humanitar təşkilata etimadından sui-istifadədir.
Bu təşkilatın qanunsuz fəaliyyətindən danışan beynəlxalq hüquq üzrə mütəxəssis, hüquqşünas Emil Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bir sıra beynəlxalq konvensiyalara əsaslanır:
“Baş verən hadisədə qaçaq malın nə olduğu önəm daşıyır. Azərbaycan tərəfi onların fəaliyyətini məhdudlaşdırıbsa, çox güman, Dövlət Sərhədi Xidməti qanunvericiliklə qaçaqmalçılıq siyahısına salınan nəsə aşkarlayıb. Bu, beynəlxalq konvensiya ilə qadağan olunmuş əşyalar, psixotrop maddələr, silahlar, partlayıcı vasitələr ola bilər. Bu həm beynəxalq hüququn, həm də yerli qanunvericiliyin pozulmasıdır”. 
“BQKX bir sıra ölkələrdə öz funksiyalarını çox gözəl yerinə yetirir. Lakin, ölkə qanunvericiliyinə zidd məsələlərlə məşğul olursa, bunun qarşısı alınmalıdır.
Görünür ki, BQKX Azərbaycanda birtərəfli iş görür. Məsələ araşdırılana qədər Qırmızı Xaçın fəaliyyətinə məhdudiyyət qoyula bilər. Qaçaqmalçılıq sabahkı gündə mülki əhaliyə qarşı istifadə oluna biləcək əşyalar ola bilər.
Təşkilatla bağlı bu məsələ həssas yanaşma tələb edir. Onların vasitəçilik hüquqları Cenevrə Konvensiyası ilə təsbit olunub. Beynəlxalq hüququn müddəalarına əsasən, qaçaqmalçılıqda əli olan səlahiyyətlilər onun tərkibindən kənarlaşdırılmalıdır”.
E.Həsənovun sözlərinə görə, Azərbaycan ərazisində hər hansı beynəlxalq təşkilat qanun pozuntusu edirsə, ölkə qanunvericiliyinə uyğun tədbirlər görülməlidir:
“Beynəlxalq hüququn normaları bizim qanunvericiliklə ziddiyyət təşkil etməməlidir. Əgər beynəlxalq normalarda bununla bağlı boşluqlar varsa və ya qarşı tərəfin məsələylə bağlı açıqlaması yoxdursa, Azərbaycanın qanunvericiliyinə uyğun addım atılmalıdır”.
Qeyd edək ki, qaçaqmalçılıq faktları ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun cinayət işi açılıb.
Törə Zeynallı Demokrat.az


