"Hər bir halda Azərbaycan Qarabağ erməniləri ilə danışıqları davam etdirməlidir. Madam ki, biz təklif edirik ki, onlar bizim vətəndaşlar ola bilər. Ancaq onların bir qədər bu danışıqlara soyuq yanaşmaları Qarabağdakı qondarma separatçı rejimin təhdidləri və boş yalanlarıdır. Ona görə də Qarabağ erməniləri arasında Azərbaycanın güclü təbliğatı aparılmalıdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tural İrfan deyib.
Politoloq bildirib ki, radio, televiziya proqramları vasitəsi ilə onlara çağırışlar edilməlidir və bu məsələni çox ləngitmək olmaz:
"Oradakı ermənilərin bəziləri odla su arasında qalıblar. Görünür ki, separatçılar Xankəndi ermənilərini qorxu altında saxlayır, onlara boş ümidlər verirlər. Çünki separatçıların qondarma başçılarının son ümidi və tutacağı yeri Qarabağdakı ermənilərdir. Əgər ermənilər onlardan imtina etsələr, həmin günü onların sonudur. Məhz buna görə də xarici dəstəklərdən istifadə edərək hər vəchlə çalışırlar ki, sakinləri özlərindən asılı saxlasınlar. Rusiya sülhməramlıları da danışıqların intensiv hal almasına ciddi səy göstərməlidirlər. Gec-tez danışıqlar vasitəsi ilə ermənilər başlarına bəla olmuş quldurbaşlardan xilas olacaqlar. Özləri ola bilməsələr də Azərbaycanın qüdrəti və qətiyyəti onları xilas edəcək. Lakin onlar özləri də buna ciddi səy göstərməli, quldurlardan xilas olmaq üçün etirazlara qalxmalıdırlar. Qanunsuz silahlı dəstələrə qoşulmaq üçün övladlarını buraxmamalıdırlar. Onlar Azərbaycan vətəndaşı kimi normal yaşaya bilərlər. Bunu dəfələrlə Azərbaycan tərəfi bəyan edib.
Sülh müqaviləsinə gedən yolda Ermənistan hakimiyyətinin maraqları var. Fəqət sülhü oturub gözləmək yox, sülhə doğru addım atmaq lazımdır. Ermənistan hakimiyyəti hər nə qədər özlərini Qarabağdakı separatçılardan aralı göstərməyə çalışsa da, bu, sünidir.
Unutmayaq ki, separatçı rejimi vaxtilə orada Ermənistan hakimiyyəti özü yaradıb. İndi də özü aradan qaldıra bilər. Kənar güclər, xarici maraqlar ikinci dərəcəli mövzulardır".
Şəhanə Demokrat.az


