Media Özəl

Mətbuat Şurası İdarə Heyətinin üzvü: “Əvvəlki media sektoruna nəzarət edənlər ciddi cəhdlə bunun qarşısını alırdılar”

Mətbuat Şurası İdarə Heyətinin üzvü: “Əvvəlki media sektoruna nəzarət edənlər ciddi cəhdlə bunun qarşısını alırdılar”

"Həm çap mediasına, həm onlayn mediaya verilən dövlət dəstəyi medianın inkişafı yönündə atılan addımdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgər deyib.

O, artıq ikinci ildir ki, bu müsabiqələrdə onlayn medianın da iştirak etdiyini xatırladıb:

"Biz çox yaxşı xatırlayırıq ki, bir neçə il bundan öncə cənab Prezident dəfələrlə vurğulamasına rəğmən ki, onlayn mediaya dəstək verilməlidir, ancaq əvvəlki media sektoruna nəzarət edənlər ciddi cəhdlə bunun qarşısını alırdılar. Amma Media İnkişaf Agentliyi burada qətiyyətli bir addımı ortaya qoydu. Onlayn mediaya ayaqda qalması və inkişafı üçün bu addımı atdı. Bu baxımdan reklam bazarının hələ də tam formalaşmadığı, tam da monopoliyadan çıxarılmadığı bir dönəmdə dövlətin bu dəstəyi onlayn media üçün bir ümid verir.

Eyni zamanda hesab edirəm ki, bu jurnalistlərin hüquqlarının qorunması, sıravi jurnalistlərin əmək müqavilələri və digər müqavilələrinin bağlanması Medianın İnkişafı Agentliyinin Azərbaycan mətbuatına verdiyi ən böyük töhfələrdən biridir”.

Aqil Ələsgər mərhum jurnalist Zülfüqar Hüseynzadənin təsisçisi olduğu “Moderator.az" saytının adının qaliblər siyahısında olmasına da toxunub:

“Son siyahıda məni və həmkarlarımı ən böyük duyğulandıran "Moderator.az" saytının adının siyahıda olması oldu. Bizim hamımızın çox sevdiyi mərhum həmkarımız Zülfüqar Hüseynzadənin bir növ övladı olan bu saytın ayaqda qalması hər bir həmkarımızın borcudur. Medianın İnkişafı Agentliyinin bu addımı atması bizi çox duyğulandırdı".

Şəhanə Demokrat.az

NE
Nihadə Eyyubova