Media Özəl

Baş redaktor: “Müsabiqədə keyfiyyətli iş kriteriyası ön planda olub”

Baş redaktor: “Müsabiqədə keyfiyyətli iş kriteriyası ön planda olub”

"Bu gün Medianın İnkişafı Agentliyinin saytlara dəstək layihəsi ilə bağlı müsabiqəsinin nəticələri açıqlanıb. Ümumilikdə, 33 ictimai-siyasi, 6 idman məzmunlu informasiya portalı müsabiqədə qalib elan olunub".

Bu fikirləri Demokrat.az-a açıqlamasında “Bizim.Media” informasiya portalının baş redaktoru Anar Tahirov deyib.

Baş redaktor bildirib ki, ilk növbədə müsabiqə nəticələrinin obyektivliyi diqqət çəkir:

"Göründüyü kimi, ölkənin əsas informasiya portalları ilə yanaşı, yeni fəaliyyətə başlamış, yaxud da ilk dəfə müsabiqəyə qatılan həmkarlarımız da qaliblər siyahısında yer almağı bacarıblar. Bu isə onu göstərir ki, müsabiqədə keyfiyyətli iş kriteriyası ön planda olub.

Eyni zamanda bu cür müsabiqənin təşkili bir çox aspektlərdən mühüm əhəmiyyətə malikdir. Ələxsus da mediamızın inkişafına dəstək baxımından. Söhbət təkcə maddi dəstəkdən getmir. Müsabiqənin təşkili belə bir çox aspektlərdən Azərbaycan mətbuatının inkişafı üçün mühüm imkanlar yaradır. Həqiqətən də, rəqabətin olmadığı yerdə inkişafdan söhbət gedə bilməz. Rəqabət mühitinin yaradılması üçün isə doğru seçilmiş stimullaşdırıcı tədbirlərin tətbiqinə ehtiyac var.

MEDİA-nın təşkil etdiyi müsabiqə bu cəhətdən də uğurlu hesab oluna bilər. Çünki Medianın İnkişafı Agentliyinin bu layihəsi təkcə maddi baxımdan yox, eyni zamanda azad rəqabət meydanı yaratdığı üçün də önəmlidir".

Anar Tahirov qeyd edib ki, müvafiq şərtləri yerinə yetirmək üçün portallar, daha operativ, keyfiyyətli və özəl materiallar hazırlamalıdırlar. Yəni, kəmiyyətlə yanaşı, materialın keyfiyyətinə də diqqət yetirilməlidir:

"Müsabiqədə qalib olmaq üçün media subyektləri bu tələbə əməl etməlidirlər. Sözügedən tələblərin icrası isə təbii olaraq, media subyektinin işinə müsbət təsir etməklə, ümumilikdə mətbuatımızın inkişafına təkan verir.

Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində yaşadığımızı da unutmamalıyıq. Ona görə də, azad mətbuatın inkişafı üçün iqtisadi müstəqilliyin təmin olunması başlıca şərtlərdəndir. Məsələyə bu yöndən yanaşsaq, MEDİA-nın saytlara dəstək müsabiqəsinin azad media mühitinin formalaşdırılması baxımından da önəmini görə bilərik.

Sonda isə baş redaktoru olduğum Bizim.Media ailəsini, eyni zamanda bütün qalib həmkarlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram",

Şəhanə Demokrat.az

NE
Nihadə Eyyubova