Ağcabədi rayonunda 1987-ci il təvəllüdlü Məharət Nuriyev dostu, 1985-ci il təvəllüdlü Rahib Həsənovu qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Məharət həmkəndlisi və dostu Rahib ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranıb.
Mübahisə zamanı Məharət Rahibin “sən kişi deyilsən, səndən uşaq əmələ gələ bilməz, sənin dörd gün əvvəl dünyaya gələn uşağın səndən deyil” sözlərini deməsinə görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlib.
Məharət planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün Rahib Həsənovun heç nədən şübhələnməməsi məqsədilə 4 noyabr 2021-ci ildə, saat 14 radələrində ona və digər həmkəndliləri ilə rayonun Boyat kəndində yerləşən “Azərhüseyn” deyilən kafedə yeyib-içmək məclisi təşkil etmək istədiyini deyib. Onlar birlikdə avtomobillə Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisindən rayonun Boyat kəndi istiqamətində avtomobillə olan yardımçı torpaq yol ilə hərəkət ediblər.
Məharət Boyat kəndinə 600 metr məsafə qalarkən, Kəhrizli kənd qəbiristanlığının yaxınlığında avtomobili saxladıb. Bundan sonra avtomobildən yerə düşüb və avtomobilinin yük yerinə əvvəlcədən qoyduğu ov tüfəngini götürüb.
O, həmin vaxt avtomobilin arxa sağ oturacağında əyləşmiş vəziyyətdə olan Rahib Həsənova yaxın məsafədən avtomobilin açıq vəziyyətdə olan qabaq sol pəncərəsindən onun ürək nahiyəsinə tuşlayıb və bir dəfə atəş açıb.
Bundan sonra əlindəki silahı hadisə yerindən qaçmağa cəhd göstərən Rahibə yaxın məsafədən tuşlamaqla onu hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələyib.
Daha sonra isə Rahib Həsənovun ölməməsinə şübhə edib və təkrar baş nahiyəsinə ikinci dəfə atəş açaraq onu öldürüb.
Hadisəni törədən Məharətin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məharət 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Rahib Həsənovun hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilib. Şikayətdə Məharət Nuriyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


