"10 noyabr Bəyannaməsinin şərtlərinə görə, Ermənistan Naxçıvanla əlaqə üçün maneəsiz keçid şəraiti yaratmalıdır. Bu, əslində, faktiki olaraq dəhliz deməkdir. Bu dəhlizə isə Rusiyanın FTX-si nəzarət etməli, təhlükəsizliyi qorumalı idi. Ancaq danışıqlar prosesinin gedişində göründü ki, Ermənistan tərəfi dəhliz məsələsindən yayınmağa çalışır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev də buna cavab olaraq bildirib ki, Zəngəzur yoluna hansı status veriləcəksə, Laçın yoluna da bu status veriləcək:
“Ermənistanın Laçın yoluna əsası olmadan dəhliz demələri və bunun 10 noyabr Bəyannaməsində də belə yazılması əslində texniki xarakter daşıyır. Məsələ ondadır ki, Azərbaycanın heç bir qanunverici sənədlərində Qarabağa ermənilərinin Ermənistanla əlaqə yaradan Laçın yoluna dəhliz statusu verən sənəd yoxdur və qəbul edilməyib. Odur ki, bunun heç bir hüquqi əsası yoxdur. Naxçıvanla əlaqə yolunun əksinə olaraq, Laçın yoluna Azərbaycan təhlükəsizlik təminatı verib".
Politoloq bildirib ki, hazırkı durumda Azərbaycanın Ermənistanla Laçın ərazisində öz sərhəddində sərhəd məntəqəsi yaratması və ona nəzarəti ələ alması Zəngəzur yolunda da eyni prosedurların olacağı qənaətini hasil edir:
"Yəni dəhliz yox, nəzarətli keçid məsələsini özündə ehtiva edir. Amma Azərbaycan tərəfinin qalib tərəf kimi bəzi şərtləri nəzərə alına bilər. Təbii ki, Rusiya bu nəqliyyat yollarının nəzarətini öz üzərinə götürmək istəyir, amma Ermənistan buna etiraz edirdi. Görünən odur ki, bu narazılıqlar aradan qaldırılıb və yolun açılacağı bəyan edildi. Azərbaycan üçün təbii ki, dəhliz statusu yaxşı olardı. Amma müəyyən şərtlərin yerinə yetirilməsi durumunda bu yolun dəhliz kimi olmasa da, ona yaxın şəkildə istifadə edilməsi də məqbul variantdır".
Nəzrin Demokrat.az


