"Rusiyadakı hadisələr bir daha bölgəmizdə baş verən təhlükəli proseslərdən xəbər verir".
Demokrat.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.
O deyib ki, hər bir vətəndaşımız Rusiyada hadisələr yekunlaşana qədər ölkəmizdə sabitliyin qorunmasına çalışmalıdır:
"Zənnimcə, dünən bir daha quru sərhədlərin bağlı elan olunması bölgəmizdə baş verən hadisələrlə bağlıdır. Ona görə də hamınızdan xahiş edib bildirirəm ki, Rusiyada hadisələr yekunlaşana qədər ölkəmizdə sabitliyin qorunması Azərbaycan dövlətinin, onun müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasıdır.
Biz bir daha 20-ci əsrin əvvəllərində yol verdiyimiz səhvləri təkrarlamamalıyıq. O dövrdə də Rusiyada xaos başlayanda həqiqətən xalqını, millətini sevən bir çox vətəndaşlarımız, o cümlədən tanınmış ictimai, siyasi xadimlər səhvə yol verib təzəcə elan edilmiş müstəqil dövlətimizdə hakimiyyətin yol verdiyi bəzi səhvlərə görə hakimiyyətin etdiyi xəbərdarlıqları nəzərə almadılar və bu da ölkəmizin işğalına gətirdi". A.İsmayılov qeyd edib ki, Rusiya vətəndaş müharibələri dövrü daim sərhədlərini genişləndirib:
"Heç kim üçün sirr deyil ki, bu gün də Rusiya elitası, kimliyindən asılı olmayaraq yenidən SSRİ-ni bərpa etmək istəyir və buna görə də ölkəmizdə hələ də güclü olan dayaqlarından maksimum faydalanacaq və keçmişdə olduğu kimi Azərbaycanın müstəqilliyini istəməyən bir çox dövlətlər bu işdə onlara yardımçı olacaq. Əgər biz keçmişdən nəticə çıxarmasaq yenə də eyni faciələri yaşaya bilərik. Bu gün ölkəmizdə xalqın ciddi problemlərinin olduğunu çox yaxşı bilirəm. Onu da çox yaxşı bilirəm ki, bu günlərdə öz ambisiyalarına görə xalqı küçələrə çağıranlar da olacaq. Bu gün söhbət tək Qarabağdan getmir, riskdə olan Dövlət müstəqilliyimizdir".
Vəkilin sözlərinə görə, hakimiyyətdə olanlar bu gün bir şeyi anlamalıdırlar ki, insanlarımızın vəziyyəti çox pisdir:
“Əksər insanlar bu gün tək haqq-ədalət yox, həm də gündəlik yemək uğrunda düşünürlər. Balaları ac olanlar üçün isə dövlət, müstəqillik yada düşmür və onlar istənilən addımı atarlar. Ona görə də bu gün birinci növbədə hakimiyyət təmsilçiləri insanların maddi rifahının yaxşılaşdırılmasına çalışmalı, onlarla qul kimi yox, bu gün müstəqilliyimizi qoruyan doğma vətəndaşları kimi davranmalıdırlar. Ancaq bu yanaşma ilə müstəqilliyimizi qoruyub ərazi bütövlüyümü tam təmin edə bilərik!
Bu çətin günlərdə hamımıza birlik və əmin amanlıq arzulayıram! Uca Allah Azərbaycanı qorusun!".
Xatırladaq ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.
Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.
“Vaqner”in gecə saatlarında Rostovu ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.
Nəzrin Demokrat.az


