Gündəm Özəl

Politoloq: "Ceyhun Bayramovun britaniyalı həmkarı ilə görüşü yeni razılaşmaların əldə olunmasına imkanlar açacaq"

Politoloq: Ceyhun Bayramovun britaniyalı həmkarı ilə görüşü yeni razılaşmaların əldə olunmasına imkanlar açacaq

"Böyük Britaniyanın Azərbaycan-Ermənistan arasında Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və eyni şəkildə müharibənin başa çatmasından sonra da BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan əleyhinə qətnamələrin qəbul olunmasının qarşısının alınmasında mühüm rol oynadı".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, istər işğaldan azad edilmiş ərazilər, istərsə də Xəzər dənizinin təhlükəsizliyi mövzuları Britaniyanın Cənubi Qafqaz siyasətinin mərkəzi xəttində dayanır.

"Rusiyanı strateji məğlubiyyətə uğratmaq, regionda İran faktorunun təsirini azaltmaq, Cənubi Qafqazda güclənərək Mərkəzi Asiya regionuna Xəzər dənizi vasitəsilə əldə olunan çıxışlardan istifadə imkanı əldə etmək və Azərbaycanın Avropanın enerji bazarlarındakı rolunu BP şirkətinin maraqları kontekstində inkişaf etdirmək istəyir.

Bundan savayı, son illərdə böyük istehlakçı bazarına malik olan Avropa məkanı ilə yüksək istehsal gücünə sahib olan Çin arasında Şərq-Qərb ticarət marşrutlarının genişlənməsi Qədim İpək Yolunun üzərində yerləşən dövlətlərin ortaq iqtisadi maraqlar əsasında nəqliyyat-tranzit əlaqələrinin möhkəmləndirilməsini də zərurətə çevirmişdir.

Hazırda Avrasiya məkanında mövcud olan bir sıra münaqişələr, geosiyasi çarpışmalar, beynəlxalq münasibətlərdəki gərginlik Şərq-Qərb ticarət yolunun əsas marşrutlarından olan, məsafənin qısa olması və təhlükəsizlik baxımından seçilən Orta Dəhlizin əhəmiyyətini daha da artırmışdır. Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən keçməklə Xəzər dənizi üzərindən və Azərbaycan ərazisindən Türkiyəyə və Avropa ölkələrinə - Böyük Britaniyaya qədər uzanan mühüm ticarət-nəqliyyat marşrutudur.

Digər tərəfdən, 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbə Orta Dəhlizin mühüm marşrutuna çevrilə biləcək Zəngəzur dəhlizinin də reallaşmasına zəmin yaradıb. Bütün bu sadalananların fonunda hər iki ölkənin mövcud əməkdaşlığı daha da inkişaf etdirməyə can atması təbiidir və əminəm ki, xarici işlər naziri Ceyhun Bayramovun britaniyalı həmkarı Ceyms Kleverli ilə görüşü də bu istiqamətdə yeni razılaşmaların əldə olunmasına imkanlar açacaq".

Şəhanə Demokrat.az

D
demokrat.az