"Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən sonra aydınlaşmağa ehtiyacı olan bir sıra suallar qalıb".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Mütəllim Rəhimli deyib.
Politoloq bildirib ki, bu, xüsusilə dövlət sərhədlərinin müəyyənləşdirilməsi, Qarabağda yaşayan ermənilərin taleyi ilə bağlı məsələləri ehtiva edir:
"Mübahisəli nüanslar olduğundan münasibətlərə kənar müdaxilələr də baş verir. Bu səbəbdən də zaman-zaman həm dövlət sərhəddində, həm də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərindən Ordumuzun mövqeləri atəşə tutulur.
Ermənistan tərəfi bununla iki niyyətini reallaşdırmağa cəhd göstərir.
Birincisi, beynəlxalq aləmdə olan öz müttəfiqlərini prosesə qoşmaqla Azərbaycana təzyiq etməyə çalışır.
İkincisi, daxili ictimai rəyə hesablanmış addımdır. Bununla göstərmək istəyir ki, hakimiyyət güzəştlər yolunu tutmayıb, qarşı tərəfə müqavimət göstərə bilir.
Konkret Naxçıvan istiqamətində atəşkəsin pozulması isə Ermənistan hakimiyyətinin öz gücünü olduğundan daha çox göstərmək istəyi ilə bağlıdır. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə mesajdır. Ermənistan bununla demək istəyir ki, onlar istənilən sifarişi yerinə yetirməyə və təxribatı törətməyə hazırdır. Bu, əslində Ermənistan hakimiyyətinin çoxməqsədli oyunlarından biridir".
Şəhanə Demokrat.az


