Gündəm Özəl

Fərid Şəfiyev: “Sanki burada Suriya ssenarisi baş verir”

Fərid Şəfiyev: “Sanki burada Suriya ssenarisi baş verir”

“May ayında Paşinyan tərəfindən bir sıra bəyanatlar səsləndirildi. Bu bəyanatlarda o, Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını ifadə edirdi. Lakin indi vaxt götürüb gözləyəcəklərini deyirlər. Çox güman ki, burada ona qarşı həm Ermənistan daxilindən, həm də kənardan müqavimət var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Mərkəz sədri bildirib ki, Ermənistan tərəfi bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağına dair fikirlər səsləndirir:

“Bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı proqnoz vermək çətindir. Sadəcə olaraq hər dəfə Ermənistanın baş naziri Nikol Paşinyan hansısa bir hərəkət edir, daha sonra müəyyən bir müddət keçir və o gözləyir.

Sözsüz ki, baş nazirin bu “taktikası”nı biz İkinci Qarabağ müharibəsindən sonra müntəzəm olaraq müşahidə etməkdəyik”.

Fərid Şəfiyev sərhəddə baş verən son hadisələrlə bağlı da fikirlərini bölüşüb:

“Hazırda bir-birinə zidd olan qüvvələrin Zəngəzurda yerləşdiyini müşahidə etməkdəyik. Bir tərəfdə Avropa Birliyi və Fransa, digər yanda İran, o biri tərəfdə isə Qafanda konsulluq açmağa hazırlaşan Rusiya var. Sanki burada Suriya ssenarisi baş verir.

Bilirsiniz ki, bir tərəfdə Rusiya, bir tərəfdən İran, digər tərəfdən ABŞ və s. bölgədə yerləşməkdədir.

Həmçinin, Ermənistanın sərhədlərini Rusiya qoruyur, orada onun bazası da var. Bizdən sərhəddi isə Avropa Birliyinə veriblər. İranı da Qafana dəvət ediblər. İndi də amerikalıları bizim Naxçıvan sərhəddinə dəvət etmək istəyirlər. Yəni, burada əslində Suriya variantı baş verdiyini görürük. Bu bölgədə böyük güclərin maraqları hazırda toqquşmaqdadır”.

Nəzrin Demokrat.az

D
demokrat.az