“Fransaya rəhbərlik edənlər regiondakı dinamikanı, öz ölkələrinin regiondakı nüfuzunu və rolunu heç də anlamırlar. Ümumiyyətlə, onlar Fransanın müasir dünya və qlobal xarici siyasətdəki rolunu dərk edə bilmirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Fransa Ermənistanın əli ilə burada hansısa məqsədini həyata keçirəcəyini düşünür:
“Fransa Qafqazda Rusiyanı sıxışdırıb yerinə keçəcəyini hesab edir. Burada məqsəd də bəllidir: Ermənistanı rıçaq və alət kimi əldə saxlamaq, bununla regiona təsir göstərmək. Cənubi Qafqazda Türkiyə-Azərbaycan təsirini zəiflətmək, kommunikasiyaların açılması prosesinə təsir göstərmək, digər aktorları sıxışdırmaq istəyirlər. Onların ambisiyaları bunlardan ibarətdir”.
Politoloq qeyd edib ki, Ermənistan aparıcı ölkə ola və ya hansısa siyasi mövqeləri diktə edə bilməz, çünki resursları azdır:
“Ermənistan sadəcə digər ölkələrdən nəyisə umur. İstər Rusiya, istərsə də Fransa Ermənistanla bərabərhüquqlu tərəf kimi davranmır. Çünki uman tərəf həmişə zəif olur. Həmişə umulan tərəf öz mövqelərini diktə edir. Ümumiyyətlə, hazırda bölgədə vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Həmçinin, burada Rusiya faktoru var, bu gün bu dövlət Ermənistandakı maraqlarından geri çəkilməyib. Belə olan təqdirdə maraqlar toqquşur və bölgədə gərginlik yaranır”.
Nəzrin Demokrat.az


