Ermənistan məkrli siyasətini hər keçən gün yeni planları ilə davam etdirməkdədir.Naxçıvanla sərhəddə Arazdəyən kəndində ABŞ investisiyası ilə regionun ekologiyasına və insanların sağlamlığına böyük zərər verəcək iri metallurgiya zavodunun inşasına başlaması azmış kimi, indi də onun ərazisində ABŞ bayrağı qaldırır.Belə bir zavodun inşası Ermənistanın Qərb və ABŞ yönümlü siyasətinin daha bir göstəricisidir. Ermənistanı Cənubi Qafqazda öz məqsədlərini həyat keçirmək uğrunda köməkçi alətə çevirən ABŞ belə bir zavodun inşasında iştirak etməklə nəyə nail olmaq istəyir? Qərbə sığınan Ermənistan öz ərazisində Rusiyanın əbədi rəqibi olan ABŞ-ın bayrağını dalğalandırmaqla hansı mesajı verməyə çalışır?
Ermənistan və ABŞ-ın iqtisadi sahədə əməkdaşlığının pərdəarxası məqamlarını politoloq Tofiq Abbasov Demokat.az-a açıqlamasında şərh edib.
T.Abbasovun sözlərinə görə ABŞ-ın Cənubi Qafqazda fəallaşması təsadüfi deyil. Əsas qayə Ermənistanı Rusiya və İrandan ayırmaqdır.
“İran, Rusiya və ABŞ düşmən, barışmaz rəqiblərdir. ABŞ Ermənistanı öz tərəfinə çəkməklə problemi həll etməyi hədəfləyir. ABŞ-ın Ermənistandakı səfirliyi dünya çapında Almaniyadan sonra onun ikinci ən böyük diplomatik nümayəndəliyidir. Həm ərazisi böyükdür, həm də əməkdaşlarının sayı çoxdur. Bu da ondan irəli gəlir ki, ABŞ Qafqazda nüfuzunu artırmaq və özünə rəqib iki böyük dövlətlə Ermənistan arasında sədd çəkmək istəyir. Ermənistan ABŞ üçün elə də çətin ölkə deyil, beynəlxalq aləmdə böyük geosiyasi çəkisi yoxdur, asılı, suverenliyini əldən vermiş məmləkətdir. Ona görə indi ABŞ çox da böyük səy göstərmədən Ermənistanda dayaqlarını möhkəmlətməyə çalışır”.
Politoloq qeyd edib ki, ABŞ bəzi dövlətlər kimi ikili deyil, hətta çoxsaylı standartlar tətbiq edir. O bildirib ki, Amerikanın guya regionda sabit, ürəkaçan rejim yaratmağa çalışması gözdən pərdə asmaqdan başqa bir şey deyil.
“Riyakarlıq ABŞ siyasətinin əsas elementidir. Sözügedən zavod Azərbaycanla yanaşı digər region ölkələrinin ekologiyasi üçün də zərərlidir. ABŞ Fransa, Britaniya və digər böyük Qərb dövlətləri kimi müharibələri hər zaman öz hüdudlarından çox-çox uzaqda aparıb. Müharibənin dağıdıcı dalğasını öz yaxınına buraxmadan hadisələrə nəzarəti əlində saxlayıb, istiqamətləndirib. ABŞ kapitalı ilə tikilən metallurgiya zavodu bölgədə fəaliyyətə başlayarsa, qazanan da özü olacaq. İtirən kim olacaq? Regionumuz – Azərbaycan, Türkiyə və digər qonşu ölkələr. Öz maraqlarını güdən ABŞ üçün Ermənistan sadəcə bir alətdir”. 
T.Abbasov əlavə edib ki, ABŞ-ın məqsədi həm də Rusiyanın Cənubi Qafqazda nüfuzunu zədələməkdir.
“Baş nazir Paşinyansa bunu görməzdən gəlir. Amerikaya gedib deyir, sizin dostunuzam, digər tərəfdən Rusiyaya qarşı da eyni mövqeni təkrarlayır. Deyərdim ki, burada söz sahibi daha çox Rusiyadır.
Birincisi, region dövlətidir. İkincisi, əsrlərdir Ermənistanın bir dövlət kimi varlığı onun maraqlarına xidmət edir. Qərbin – Fransa, Britaniya, ABŞ-ın yaratdığı xristian anklavı müsəlman dünyası üçün ciddi təhlükədir. Ermənistan da bu anklavın müsəlman dünyasının bir parçası olan Azərbaycana lazım gəldikdə təzyiq etməsi üçün köməkçi rolunu oynayır. Biz bunu artıq təcrübəmizdə yaşadıq. ABŞ, Fransa və Rusiyanın həmsədrləri olduğu Minsk qrupu deyilən qondarma birliklə Azərbaycanın haqlı mövqeyini necə ayaqlar altında qoyduqlarının şahidi olduq. Ərazilərimizin işğal altında olması azmış kimi, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimizin hüquqları 30 ilə yaxın tapdandı. Bu, Qərbin riyakarlığı, kələkbazlığı, ikili standarlarıdır. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan dövlətini yaratmış qüvvələr əvvəlkitək ondan istifadə etməyə çalışır. Məqsəd həm də Qərb, xristian nüfuzunu möhkəmlətməklə özlərinin müsəlman dünyasında, Qafqazda varlıqlarını, təsir dairələrini daim qorumaqdır”.
Son olaraq, siyasi şərhçi vurğulayıb ki, bu yaxınlarda Vaşinqtonda keçirilməsi planlaşdırılan Xarici İşlər nazirlərinin görüşündən Azərbaycanın imtina etməsi beynəlxalq aləmə bir mesajdır.
“Bu ondan xəbər verir ki, biz nə istədiyimizi, hansı siyasətin daşıyıcısı olduğumuzu bilirik. Dünya birliyindən utanmağımıza səbəb olacaq bir mövqeyimiz, məkrli niyyətlərimiz yoxdur. Əksinə, düz yoldayıq, lazım gəldikdə yox deməyi də bacarırıq. Öz istəklərimiz və maraqlarımızı bəyan etmək, onların müdafiəsində durmaq iqtidarındayıq. Azərbaycan artıq heç nədən çəkinməli deyil. Çünki bizim əyri işimiz yoxdur. Müharibədən sonra da çalışırıq ki, regiona yeni nəfəs gətirək, Zəngəzur dəhlizi açılsın, iqtisadiyyat inkişaf etsin. Bizə irad tuturlar ki, guya Zəngəzur dəhlizinin arxasında məkrli planlar və təhlükələr var. Əlbəttə, bu, cəfəngiyyatdan başqa bir şey deyil, inandırıcı qüvvəsi də yoxdur. Azərbaycan dövləti son dərəcə praqmatik mövqe nümayiş etdirir. Hesab edirəm ki, bu ən düzgün çıxış yoludur”.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, hansısa xarici şirkətin bayrağını qaldırmaq heç bir halda Ermənistanı xilas etməyəcək.
“Belə bir şey mümkün olsaydı, erməni separatçıları Qarabağ ərazilərində zaman-zaman ABŞ bayrağı qaldırmaqla işğalı davam etdirərdi. Baş verənlər heç bir halda Azərbaycanın planlarına təsir edə bilməz. Həmçinin, bu, Ermənistanı məğlubiyyətdən və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən də qurtara bilməz”.

“Zavodun Arazdəyəndə inşa edilmə planı Ermənistana sərf edir. Azərbaycanın eksklavı olan Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və digər anklavların qaytarılması məsələsi hələ də gündəmdədir. Ermənistan tərəfi bunu üzərinə öhdəlik kimi götürüb. O, sözügedən zavodu inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi ehtimalının önünü kəsməyi düşünür. ABŞ da sərmaye yatırdığı ərazilərdə yeni bir hərbi qarşıdurmaya razı olmaz. Ermənistan çox güman ki, buna arxalanmaqdadır. Bununla belə o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və öhdəliyini yerinə yetirmək məcburiyyətindədir. Əks halda növbəti dəmir yumruq zərbəsi qaçılmaz olacaq”.
Törə Zeynal Demokrat.az


