Bakının Binəqədi rayonunda 1985-ci il təvəllüdlü Nihad qonşusu Nicata (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 10-da baş verib.
Nihad atasının Nicat tərəfindən təhqir edilməsini bəhanə edib və ona xəsarətlər yetirib.
Hadisənin törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O bildirib ki, Nicatı çoxdan tanıyır:
“Nicat uzun müddətdir ki, mənimlə qonşuluqda yaşayır. İyulun 10-da, saat 17.30-da yaşadığım məhəlləyə gəldim. Özümə məxsus avtomobili Nicatgilin evinin arxasındakı darvazadan təxminən 4 metr aralı məsafədə saxladım. Həmin vaxt orada tərəfindən təmir işləri aparılırdı. Avtomaşını saxlamağa demək olar ki, yer olmadı. Məcbur olduğumdan avtomobili qeyd etdiyim yerdə saxladım. Avtomobili saxladığım yer ümumi yoldur”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra həyətdə olarkən atası ilə kiminsə söhbət etməsinin səsini eşidib və yola tərəf çıxıb:
“Həmin vaxt gördüm ki, avtomobilimi orada saxladığım üçün qonşuluqda yaşayan Nicatla atam mübahisə edir. Nicat özündən qat-qat yaşlı adama, yəni atama irad tutdu və acı danışdı. Onlara yaxınlaşaraq qulaq asdım. Atam Nicata qonşu olduqlarını, tez-tez rastlaşdıqlarını dedi, belə mübahisələrə ehtiyac olmadığını bildirdi. Həmin vaxt mən də söhbətə müdaxilə etdim. Nicata ümumi yoldur, avtomobil saxlamağa yer yoxdur, narahatçılığın varsa avtomobilimi götürə bilərəm” dedim. Nicat atam barədə nalayiq ifadə işlətdiyi üçün ona "atamla bu cür danışma, yaşlı adamdır, mən sənin atana qarşı hörmətsizlik etməmişəm, etmərəm də” deyə bildirdim. Nicat isə mənə “sənin ağsaqqal dediyin atan ağzının qatığını dağıdır, danışığını bilmir” deyə cavab verdi.
Nicatın bu sözündən əsəbləşdim və əllərim ilə onun sinəsindən kənara itələdim. Nəticədə Nicat yerə yıxıldı.. Daha sonra Nicat yerdən duraraq üzərimə doğru hücum etdi. Bu zaman şillə ilə Nicatın sifət nahiyəsinə vurdum. Həmin vaxt atam və qonşuluqda yaşayan Rasimin qardaşı Valeh bizi aralaşdırdı. Daha sonra Nicat avtomobilinə əyləşərək oradan getdi. Mən də oradan uzaqlaşdım”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra atası ona zəng edib və Nicatın polis orqanlarına şikayət etdiyini, polis əməkdaşlarının yaşadıqları evə gələrək onu axtardıqlarını bildirib:
“Bunu eşidən kimi dərhal Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə getdim. Hadisə ilə bağlı izahat verdim”.
Bu cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Nihadın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


