"Ermənistanın daxilində Rusiyaya meyilli qüvvələr var. Bu qüvvələrin çox hissəsi ordunun içərisindədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Pünhani Əsgərli deyib.
Politoloqun sözlərinə görə, sərhəddə baş verən hadisələr sülh prosesinə zərbə vursa da, iki ölkə arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını görə bilərik:
"Son zamanlar həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi sülhə daha yaxın olduğumuzu, xüsusən Vaşinqton görüşündən sonra hər iki ölkə rəhbərlikləri bəzi razılaşmaların əldə olunduğunu bildirib. Bunun fonunda sərhəddə baş verən bu atışmaların əsas səbəbkarı Rusiyadır. Rusiya bilir ki, Ermənistan-Azərbaycan Avropa İttifaqı (Aİ) və ya Amerikanın vasitəçiliyi ilə sülh müqaviləsi bağlayarsa, bu, hər iki ölkənin daxili auditoriyasında Rusiyaya qarşı bir fikrin yaranmasına gətirib çıxaracaq. Həm də Rusiyanın bölgədəki maraqlarına ciddi zərbə vuracaq. Sərhəddəki provakasiyalar Rusiya tərəfindən həyata keçirilir. Bilirik ki, Ermənistan sərhədlərinin müəyyən bir hissəsinə rus qoşunları nəzarət edir. Hələ də Ermənistanın daxilində Rusiyaya meyilli qüvvələr var. Bu qüvvələrin çox hissəsi ordunun içərisindədir. Bu qüvvələrin olması dövlət sərhəddində bu tipli provakasiyaların və xırda çaplı toqquşmaların olmasına gətirib çıxarır"
P.Əsgərli qeyd edib ki, sərhəddə baş verən hadisələr sülh prosesinə ciddi zərbə vuracaq:
"Hər iki tərəf sülhə hazır olduqlarını bildiriblər və əsas prinsiplərdə razılaşmalar əldə olunub. Ümid edirəm ki, bu ilin payız-qış aylarında sülh müqaviləsi imzalana bilər, ancaq bu, çox ağrılı prosesdir. Rusiya hələ də bölgədən çəkilmək fikrində deyil .Hər iki ölkə sülhə yaxınlaşdığı zaman belə provakasiyalar ola bilər"
Əbülfət Baxşəli Demokrat.az


