Siyasət

Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi əbədidir

Ulu Öndərimiz Heydər Əliyevin xatirəsi əbədidir

Mənə görə bizim qurtuluş tariximiz 1969 - cu ildən Heydər Əliyevin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçildiyi o günlərdən hesablanmalıdır. Çünki Ulu Öndərimiz 1993 - cü ildə ölkəni xaosdan, özbaşınalıqdan, parçalanmaqdan xilas etdi, hakimiyyətə gəldiyi ilk dövrdə isə respublikamızı ətalətdən, geyilikdən, iqtisadi - mənəvi böhrandan qurtardı.

Həmin dövrdə İttifaqda ən geridə qalan, adı, uğuruheç bir siyahıda olmayan Azərbaycan bir neçə il ərzində ölkənin on qabaqcıl respublikaları şorasına çıxdı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969 - 82 - ci illərdə kənd təsərrüfatının ümumi məhsulu 2,7 dəfə, əmək məhsuldarlığı 2,2 dəfə artmışdır. O zamanki pulla 101,1 milyard manatlıq məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki əlli ilə bərabərdir. Respublikanın su - meliorasiya kompleksinə qoyulan vəsait isə əvvəlki əlli ildəkindən 2,5 dəfə çox olmuşdur. 18,5 milyon kvadrat metr mənzil sahəsi istifadəyə verilmiş, 2,2 milyon insan yeni mənzillərlə təmin edilmişdir. Respublikada yüzlərlə yeni zavodlar, fabriklər, məktəblər, xəstəxanalar, sənaye, emal müəssisələri tikilib istifadəyə verilmişdir.

O dövrdə sənaye istehsalının həcmi 2,7 dəfə artmışdır. Siz fikir verin həmin illərdə Azərbaycanda kənd təsərrüfatının, xalq təsərrüfatının inkişafı, intensivləşdirilməsi, üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı Sov. İKP MK - nin, SSRİ Nazirlər Sovetinin 4 mühüm qərarı qəbul edilmişdir ki, bu respublikanın inkişafına böyük təkan vermişdir.İkinci dəfə hakimiyyətə gəldiyi illərdə də Ulu Öndərimiz ölkəni iqtisadi - siyasi böhrandan qurtarmaq məqsədi ilə çox mühüm layihələrin həyata keçirilməsinə nail oldu. Neft kontraktının imzalanması, torpaq islahatının, həyata keçirilməsi, atəşkəsin tətbiqi, idarəetmədə dəyişikliklər, beynəlxalq münasibətlərə, əməkdaşlığa böyük önəm verilməsi Heydər Əliyevin uzaqgörənliyinin nəticəsi idi və bu günümüzün uğurlarında özünü aydın göstərir.

Heydər Əliyevin ən böyük arzusu Qarabağı azad görmək idi. O sağlığında çox böyük səylər göstərməsinə baxmayaraq buna nail ola bilmədi. Ancaq hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev ordumuzun və xalqımızın birliyi sayəsində bu arzunu həyata keçirdi, Ulu Öndərimizin vəsiyyətləri yerinə yetirildi. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ruhu şaddır və onun ölməz ruhu azad, çiçəklənən Qarabağ və Şərqi Zəngəzur torpaqlarını gəzməkdə, xalqımızın sevincinə, dövlətimizin inkişafına şərik olmaqdadır.

Heydər Əliyev yalnız Azərbaycan xalqı üçün yaşayıb yaratmamışdır. Onun bəşəri ideyaları, amalları dünya xalqlarının azadlığına, sülhə, əminamanlığa xidmət etmiş və bu gün dünyanın əksər ölkələrində dahi rəhbərin xatirəsi məhəbbətlə yad edilir.

Nə qədər Azərbaycan, Azərbaycan xalqı, İlham Əliyev kimi fədakar uzaqgörən rəhbər, mətin, sədaqətli oğul və qızlarımız var Heydər Əliyevin ruhu güləcək, adı ucalacaq, xatirəsi yaşayacaqdır.

Milli Məclisdə may ayının 16 - da Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş və bir çox ölkələrin parlament sədrlərinin, sədr müavinlərinin, siyasi xadimlərin iştirakı ilə keçirdiyi beynəlxalq konfrans, Heydər Əliyevin və Azərbaycan Parlamenti üçcildliyinin nəşr olunması, yeni filimin çəkilməsi və bir çox nəşrlər Ulu Öndərimizin xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsidir. Keçirilən hər bir tədbir göstərir ki, Ulu Öndərimiz əbədi olaraq xalqımızın qəlbində özününmöhtəşəm abidəsini ucaltmışdır.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

D
demokrat.az