Gündəm Özəl

"Ermənilərin törətdiyi təxribat sülh danışıqlarını pozmağa hesablanmış addımdır" — AÇIQLAMA

Ermənilərin törətdiyi təxribat sülh danışıqlarını pozmağa hesablanmış addımdır — AÇIQLAMA

"Son günlər Azərbaycan-Ermənistan siyasi dövlət sərhədində, eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonu ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsində baş verən təxribatların arxasında təkcə Ermənistan dövləti və Ermənistandakı qüvvələr deyil, eyni zamanda, digər qüvvələrin də olduğu fikrini istisna etmirəm. Fikrimcə, belə bir təxribatın baş verməsi sülh danışıqları prosesini pozmağa hesablanmış addım kimi dəyərləndirilə bilər".

Bu barədə Demokrat.az-a açıqlamasında siyasi ekspert Samir Hümbətov bildirib.

O qeyd edib ki, son zamanlar istər Azərbaycan, istərsə də Ermənistan rəsmiləri tərəfindən sülh danışıqları prosesində müəyyən irəliləyişlər olduğu barədə müəyyən siqnallar verilib. Danışıqlar prosesinin uğurlu nəticə verməsi bəzi tərəfləri ciddi narahat edir və bu prosesi pozmağa çalışırlar:

"Sülh danışıqları xüsusən də Rusiya, İran, Fransadakı bəzi dairələri ciddi narahat edir. Bu proseslərin pozulması da onların bölgə ilə bağlı maraqlarını təmin edir. Ona görə də düşünürəm ki, baş verən təxribatların axrasında bu cür niyyətlər dayanır".

Samir Hümbətov təxribatların böyüyə biləcəyi ehtimalı olduğunu, lakin Azərbaycanın bu təxribatların qarşısını hər zaman ciddi cəhdlə alacağını da vurğulayıb:

"Bu, Ermənistanda hökumətə tabe olmayan qüvvələrin addımı ilə həyata keçirilir. Bu baxımdan, təxibatların miqyasının genişlənməsi gözlənilsə də, hansı dərəcədə artacağı artıq sual altındadır. Nə qədər təxribatlar törədilsə, Azərbaycan tərəfi bu təxribatların qarşısını ciddi cəhdlə alacaq. Necə ki, 15 iyunda baş verən təxribatdan sonra həmin erməni snayperçiləri məhv edildi".

Siyasi ekspert həmçinin əlavə edib ki, baş verən bu təxribatlar sülh danışıqları prosesini poza bilməz:

"Qarşıdakı dönəmdə də danışıqların uğurlu nəticə verə biləcəyini düşünürəm, amma hansı yerə qədər və necə olacağını təbii ki, zaman göstərəcəkdir. Çünki təxribatlar da mütəmadi olaraq davam etdiyi üçün sülh prosesinin nə vaxt və hansı formada nəticə verəcəyini zaman göstərəcək"

Aysel Naibova Demokrat.az

NE
Nihadə Eyyubova