Çağdaş dövrdə "gender bərabərliyi" mövzusu olduqca aktualdır. Cəmiyyətin diqqət mərkəzindəki məsələlərdən olan bu anlayış özündə ictimai, siyasi, mədəni və digər sahələrdə kişi-qadın bərabərliyini ehtiva edir. Cinsi ayrı-seçkilik daha çox idarəçilikdə və söz sahibi olmaq məqamlarında özünü büruzə verir. Belə halların olmaması üçün ölkə vətəndaşlarının cins, irq, din, milliyyətindən asılı olmayaraq qanun qarşısında bərabər olduqları və eyni məsuliyyəti daşıdıqlarını bilmək vacibdir.

Məsələyə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, gender bərabərliyi ilə bağlı məsələ bütün qlobal aləmdə olduğu kimi, Azərbaycanda da prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, gender bərabərliyi qlobal çağırışlardan biridir və bu, hər bir cəmiyyətdə mütləq şəkildə olmalıdır:
"Şübhəsiz ki, Azərbaycan da bu çağırışlara qoşulur. Təsadüfi deyil ki, Azərbaycanda hələ 2006-cı ildə gender bərabərliyinin təmin olunmasıyla bağlı qanun qəbul olunub. Elə həmin ildə "Ailə, uşaq və qadın komitəsi"də yaradıldı. Bu, əslində gender bərabərliyinin təmin olunması istiqamətində hüquqi-normativ bazanın əsasını təşkil etməklə yanaşı, ailə gender bərabərliyi bağlı işlərin institutlaşması istiqamətində atılan addımlardan biridir. Əslində, hələ sovet dövrünə qədər Azərbaycan qadına seçki hüququ verən ilk demokratik ölkə olmuşdur. Göründüyü kimi, Azərbaycanda gender bərabərliyinə münasibət hər zaman müsbət olub".

Sosioloq əlavə edib ki, cəmiyyətimizdə mənəvi-əxlaqi sistemdə qadına və ailəyə həmişə önəm verilib. Hətta, tarixən qadınlar yoldaşlarının yanında onun silahdaşı kimi də fəal iştirak edib:
“Qeyd etmək yerinə düşər ki, ölkəmizdə bu gün parlamentdə 20 faizə yaxın, hətta bir qədər də yuxarı qadınlarımız təmsil olunurlar. Eləcə də təhsil və səhiyyə sistemində təqribən 80 faizə yaxın qadınların təmsilçiliyi müşahidə edilməkdədir. Bu gün Azərbaycanda qadına qarşı ancaq pozitiv bir diskriminasiya var, yəni onların mənafeyi, sağlamlığı naminə. Ümumiyyətlə, hər zaman ölkəmizdə qadınların reproduktiv sağlamlığının təmin olunması üçün pozitiv diskriminasiya müşahidə edilib. Bu yaxınlarda da qadınlar üçün xeyli iş yerləri üzərində olan yasaqlar ləğv edildi. Yəni, rəqəmsal cəmiyyətdə, elmi-texniki tərəqqinin verdiyi imkanlar çərçivəsində yasaq olan xeyli iş yerlərində qadınlara işləmək imkanı yaradıldı. Bu gün qadınlar ictimai, siyasi, dövlət həyatında, qərar qəbuletmə orqanlarında iştirak edirlər. Nazir müavinləri, komitə sədrləri, müvafiq icra strukturları rəhbərləri kimi Azərbaycan qadınları fəaliyyət göstərməkdədirlər".

Müsahibimiz bildirib ki, bu gün ölkəmizdə gender bərabərliyi ilə bağlı hər hansı bir problem aşkarlanmamaqdadır:
"Azərbaycana qarşı müxtəlif şəkildə təzyiq dili ilə danışmaq istəyən dövlətlər və onların əlində olan təşkilatlar ölkəmizə gender bərabərliyi adı ilə basqılar etmək istəyirlər. Ancaq bunun heç bir əsası yoxdur. Çünki Azərbaycanda gender bərabərliyi yüksək səviyyədə təmin olunub. Bəzən feminizmlə gender bərabərliyini qarışdırırlar. Ancaq feminizim ayrı, gender bərabərliyi ayrıdır. Feminizim məhz anaxaqanlıq uğrunda çarpışan hərəkatdır. Məlumdur ki, cəmiyyətimizin bütün sahələrində qadın təmsilçiliyi var. Ölkəmizdə qadının məişət zorakılığından qorunması üçün qanun qəbul olunub və onun icra mexanizmi var. Həmçinin, dövlətimiz tərəfindən qadınlara böyük dəstək göstərilməkdədir”.

Ekspert əlavə edib ki, ölkəmizdə ailə dayanıqlığı ilə bağlı əlavə tədbirlərə, proaktiv sosial dəstək paketlərinə ehtiyac vardır. Çünki Azərbaycanda boşanmaların statistikasında artım müşahidə olunur:
“Bu gün qadına qarşı zoraklıq daha çox qısqanclıq, boşanma ilə qəbullana bilməyən kişilərin dözümsüzlüyündən, habelə kənar təsirlərə məruz qalan qadınların ənənəvi qaydalar və həyat tərzi ilə yaşamaq istəməməsindən qaynaqlanır. Azərbaycanda uzunmüddət patriaxal cəmiyyət mövcud olub. Patriaxal cəmiyyətdə kişilər köhnə stereotiplər olub, kişilər qadınlara ancaq sahibləniblər. Azərbaycan kişisi heç vaxt boşanma ilə barışmayıb. Onu da qeyd edək ki, boşanmalara şərait yaradan səbəblərdən biri kimi qadınların iqtisadi asılılığının olmaması, iqtisadi fəal kütləyə çevrilməsidir. Belə ki, qadınlar bəzən iqtisadi müstəqillik əldə etdikdən sonra öz seçimlərini edirlər. Yəni, onlar daha müstəqil olmaq istəyirlər. Bir az bura əcnəbi seriallar da təsir göstərib desək yanılmarıq. Çünki əvvəllər də ailələrdə çətinliklər olub və ona dözümlü yanaşırdılar. Müasir dövrdə isə Azərbaycan qadını bir az kənar informasiyalar aldığına görə, Qərb-Avropa həyat tərzini götürürlər. Bundan çıxış edərək məişət zorakılığına hədsiz dözümsüzlük nümayiş etdirirlər, qeyri-tolerant yanaşırlar. Buna görə də sonda boşanmalara üz tuturlar. Yəni, ailə böhranlarından düzgün baş çıxarmadıqlarına görə bu baş verir”.

Ekspert ölkəmizdə ailə psixoloqlarının fəaliyyət göstərməsinin mühüm olduğunu vurğulayıb:
“Bu məntiqdən çıxış edərək ölkə rəhbərliyi Mediasiya Şurası yaratdı. Bu şurada ailədaxili konfliktləri, ailə münaqişələrini, boşanmalarla bağlı məsələləri ilk öncə müzakirə edirlər. Həmin müddət ərzində bəzən bu boşanmaların qarşısını alırlar. Çünki cütlüklərə başa salınır ki, siz boşanmaya da bilərsiniz. Sizin konfliktin motivi boşanmaya səbəb olan motiv deyil. Onlarla şübhəsiz ki, psixoloqlar işləyir və ona görə də, statistikaya baxsaq görərik ki, bu şura yarandıqdan sonra boşanmaların faizində nisbətən azalma da müşahidə olunur. Əlbəttə, Mediasiya Şurasına psixoloqlar, örnək ailənin nümayəndələri cəlb olunmalıdır ki, onların ailə münaqişələrinə təsiri daha adekvat, daha da yaxşı olar. Çox istərdim ki, ailə ilə işləyən psixoloqlar, sosial işçilər olsun. Eyni zamanda, çox yaxşı olar ki, ailə, qadın, uşaq komitəsinin təkcə Bakıda yox, əyalətlərdə də nümayəndələri çalışsın. Böhranlı, münaqişəli ailələrlə iş aparılsın. Preventiv, profilaktik tədbirlər görülsün. Elə boşanma hadisələri var ki, onlar baş verməyə də bilər. Vaxtında, zamanında ona pozitiv müdaxilələr olarsa, bu ailədə konfliktlər baş verməz və ailə artıq boşanma ilə qarşılaşmaz”.

“Hesab edirəm ki, psixoloq və sosial işçi instituna ehtiyac var. Çünki ailə cəmiyyətin özəy institudur, əgər ailə sağlam və dayanıqlı olarsa, bu cəmiyyətin sağlamlığı, möhkəmliyi deməkdir. Nə qədər boşanmış ailə varsa, bu, həm də o anlama gəlir ki, artıq növbəti mərhələdə bu natamam ailədə doğulan uşağın pis örnəyi var. O da valideynlərə baxacaq, boşanmaya tolerant yanaşacaq. Bu baxımdan bütöv ailələrin daha möhkəmlənməsinə çalışmalıyıq. Əgər tam ailə ilə natamam ailədən çıxan uşaqların tərbiyəsi, davranışları, hərəkətlərini müqayisə edərsək köklü şəkildə onların fərqini görəcəyik. Ona görə də, ailə institutu ilə işləyən psixoloqlar, sosial işçilər mütləq şəkildə olmalıdır. Ailəyə cəmiyyətin, millətin, dövlətin təhlükəsizliyi kontekstindən yanaşılmalıdır”, - deyə ekspert vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, gender bərabərliyi beynəlxalq hüquqla tanınan bir prosesdir. Millət vəkili əlavə edib ki, Avropa mental dəyərlərinə uyğun olaraq gender bərabərliyini bütün dövlətlərdə tətbiq etmək mümkün deyil:

“Bəzən bizim ailə institunun müəyyən komponentlərinə uyğun gəlmir. Amma bu, bir hüquqdursa, ən azı bu hüququn sosial-iqtisadi tərəflərini hərtərəfli qəbul etmək lazımdır. Mənəvi tərəfi ilə bağlı məsələdə isə insan haqları konteksindən məsələyə baxılmalıdır. Ailə institutunda hər hansı bir zorakılıq, qəddarlıq, yaxud da diskriminasiyalara yol verilməməlidir. Ümumiyyətlə, bu hüququn tanınması məhz bu cür pis vasitələrlə ailənin yaşamasına rəvac verməyən davranışları dəstəkləyir. Ona görə də, bu istiqamətdə hər hansı bir çalışmaların genişlənməsi vacibdir. Çünki ailə institutu bütün hallarda hansısa bir psixoloji və fiziki zorakılığa dayanan komponentləri özündən uzaqlaşdırmalıdır. Bu, gələcəkdə uşaqların da taleyinə təsir edir və boşanma hallarının artmasını daha da sürətləndirir”.


Millət vəkili əlavə edib ki, bu baxımdan ailə institutuna daha çox spesifik yanaşılmalıdır:
“Təbii ki, hərtərəfli ciddi sosioloji təhlil apardıqdan sonra onunla bağlı qanunvericilikdə də müvafiq dəyişiliklər etməliyik. Çünki burada da müəyyən problemlər müşahidə olunmaqdadır”.
F. Mustafa hesab edir ki, ölkəmizdə ailə psixoloqu məsləhəti o qədər də effektli olmayan bir prosesdir:

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb
Mövzu: “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”
Aynurə Pənahqızı Demokrat.az


