“Türkiyənin Cənubi Qafqaz bölgəsində hər hansı bir aktivliyi Rusiyanı ciddi narahat edir. Yəni, Türkiyə Prezidentinin Bakıya hər hansı bir səfəri, Şuşa Bəyannaməsinin imzalanması, Azərbaycan-Türkiyə əlaqələri Rusiyanı qıcıqlandırır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.
Politoloq qeyd edib ki, Rusiya Türkiyənin bölgədə aktivliyini istəmir:
“Hərçənd ki, bir çox məqamda, məsələn, Ukrayna, Suriya və digər məqamlarda Rusiya ilə Türkiyə razılığa gəlib. Amma Qafqaz bölgəsi ilə Rusiya və vaxtilə Osmanlı İmperiyası arasında münaqişələr yaranıb. Yəni, o zamanlar nə Suriya, nə İraq, nə Liviya var idi. Ona görə də bu gün də mövcud olan qaynar nöqtələrdən ən qədimi Qafqaz və Qarabağ bölgəsidir. Rusiya öz maraqlarını bu bölgədə itirmək istəmir. Onun üçün Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsi Rusiyada müəyyən qıcıqlanmalar meydana gətirib. Buna görə də, istər Qarabağ bölgəsində yerləşən separatistlər, istər baş nazir Paşinyana tabe olmayan hərbi birliklər Azərbaycana qarşı təxribat hərəkətləri həyata keçirirlər.
Əlbəttə ki, bu təxribatlar var və olacaq da. Nə vaxta qədər ki, Rusiya bölgədə mövcuddur və Rusiya Cənubi Qafqazda öz maraqlarının qorunmasını tələb edir, bu davam edəcək. Onun üçün lokal olaraq meydana gələn təxribatların cavabını verməkdən başqa çıxış yolumuz yoxdur”.
Şəhanə Demokrat.az


