Bu ilin yanvar ayından bəri 15 kənd və 25 yaşayış massivində qazlaşma prosesi yerinə yetirilib.
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
“Azəriqaz” rəsmisi deyib ki, qeyd olunan ərazilərdə işlər yenicə görülməsinə baxmayaraq, qazın verilməsi prosesi tam təhlükəsiz şəkildə həyata keçirilir:
“Qazlaşma ilə əlaqədar daha 23 kənd və 19 massivdə işlər davam etdirilir. Eyni zamanda 11 kənd və 14 yaşayış massivində işlər yekunlaşmaqdadır. Yekunlaşmaqda olan ərazilərdə Fövqəladə Hallar Nazirliyi digər müvafiq orqanlarla birgə yoxlanışlar apardıqdan sonra həmin bölgəyə qazın verilişi təmin olunacaq. Bu yoxlanış işləri bütün görülən işlərdən daha vacibdir. Ona görə ki, yoxlanış olmadan qaz verilərsə, təhlükəsizlik pozula bilər”.
Eldəniz Vəliyev əlavə edib ki, bu ilin sonunadək 59 kənd və 102 yaşayış massivinin qazlaşdırılması təmin olunacaq.
Aysu Demokrat.az


