“Görüşlər və məsləhətləşmələr öncəsi Ermənistan çalışır ki, regionda vəziyyəti gərginləşdirsin. Bununla da dünyaya belə bir fikirlər təlqin edir ki, guya gərginliyin səbəbkarı Azərbaycandır. Halbuki, təxribatlar bilavasitə erməni hərbiçilərinin, separatçılarının "xidmətləridir". Bəs, bu nəyə görə lazımdır və hansı məqsədlərə qulluq edir? Birincisi, Ermənistan bu yolla çalışır ki, danışıqlar prosesini əngəlləsin. Çünki Ermənistanın get-gedə masa arxasında mövqeləri zəifləyir. Arqumentlər baxımından, faktlar və dəlilllər baxımından Ermənistan son dərəcə özünü zəif və hətta çarəsiz hesab edir. Ona görə də onların çıxış yolu qalır ki, prosesdə əngəllər yaratsınlar, problemli şəraiti kəskinləşdirsinlər. Bununla da vaxt udsunlar. Beləliklə, güc toplasınlar və Azərbaycana müqavimət göstərsinlər. Ancaq bu alınan iş deyil! Azərbaycan sürətlə güclənir və Ermənistan üçün şans qoymur ki, onlar hansısa revanş əldə edə bilsinlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, həm Qərb, həm də Şərq Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyir:
“Bunu isə Ermənistan çox yaxşı başa düşür. Ümumiyyətlə, Azərbaycanı dəstəkləməmək mümkünsüzdür. Çünki biz proseslərə məntiqlə yanaşırıq, dünya qanunvericiliyini tələblərini üstün tuturuq, eləcə də prosesləri regionda özümüzün ssenarimizlə inkişaf etdiririk. Ona görə də, həm Şərq, həm Qərb Azərbaycanı dəstəkləyir.
Baxın görün Şarl Mişel haqqında Ermənistanda hansı fikirlər artıq dolaşır. Deyirlər ki, o, İngiltərə kəşfiyyatının casusudur, ona görə də rəsmi Bakının mövqeyini dəstəkləyir. Sağlam mövqe tutanın hər birinə ermənilər özünəməxsus yarlıqlar yapışdırırlar və çalışırlar ki, adını bədnam etsinlər. Bu, keçərli yol deyil!
İstər Avropanın, istər Amerikanın istəkləri ondan ibarətdir ki, tezliklə sülh müqaviləsinə aparan yol açıq-aşkar görünsün, orada maneələr aradan qaldırılsın və Azərbaycanın dediyi ilə sülh bərqərar olsun. Bu, bütün ölkələrə lazımdır, vacibdir. İstər-istəməz Azərbaycan öz inteqrasiya payını vermiş olub.
Digər tərəfdən də bizim bütün tərəfdaşlar görürlər ki, Azərbaycan işlək vəziyyətdə olan sağlam qüvvədir. Ermənilər isə qeyri- sağlam mövqedən çıxış edirlər və onların yararsızlıq kompleksi çox dərinə oturub. Onlar özlərinin artıq bütün ölkələr tərəfindən atılmış hesab edirlər və ona görə də hamıdan inciyirlər. Buna görə də vəziyyəti gərginləşdirirlər ki, nəticə alınmasın. Bundan qorxan ermənilər bu proseslərdə süründürməçiliyə üstünlük verirlər. Vaxtaşırı təxribatları həyata keçirirlər. Əvvəl-axır onlar məğlubdular, bundan da pis vəziyyətə düşəcəklər. Ona görə də zərərli yoldan nə qədər tez qayıtsalar, bir o qədər özləri üçün əlverişli ola bilər”.
Şəhanə Demokrat.az


