Gündəm Özəl

ATXƏM sədrindən narazı QHT rəhbərlərinə reaksiya: “Agentlik xeyriyyə cəmiyyətidir ki, hamıya pul versin?!”

ATXƏM sədrindən narazı QHT rəhbərlərinə reaksiya: “Agentlik xeyriyyə cəmiyyətidir ki, hamıya pul versin?!”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi, “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi və 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələrini elan edib. Lakin müsabiqənin nəticələri bəzi QHT rəhbərləri tərəfindən qısqanclıqla qarşılanıb.

Sözügedən müsabiqədə qalib gələn Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, ATXƏM 20 ilə yaxın fəaliyyət göstərsə də, bugünədək cəmi 4-5 dəfə dövlətdən qrant alıb:

"Heç vaxt düşünməmişəm ki, bu qrantı mənə versələr filan işi görəcəm, verməsələr görməyəcəm. Bütün mənalarda o işi görməyə çalışmışam və bugünədək də alnımız açıqdır. Hətta biz qarşımıza qoyduğumuz beynəlxalq layihələri Avropada da uğurla icra etmişik. Sadəcə olaraq, bu qrantlar bizə gördüyümüz işlərin nəticəsi olaraq, sonradan verilib.

İlham İsmayılov deyib ki, əvvəlki dövrlərdə ATXƏM-ə qarşı çox əngəllər yaradılıb:

“Əslində bizə çox maneələr olub. Diasporla İş üzrə Dövlət Komitəsinin həm əvvəlki, həm də indiki rəhbərliyi müəyyən yerlərdə yalandan deyib ki, guya ATXƏM də qrant götürüb. Hətta, səfirliyə də zəng etmişdilər. Amma biz dövlətdən vəsait ayrılmasını gözləməmişik, illərdir ölkədə və xaricdə Azərbaycanla bağlı layihələri həyata keçirmişik. Biz sonradan bu məlumatları aldıq. Buna baxmayaraq, illər sonra həmin qurumlar özləri çağırdılar ki, sizə bu dəstəyi vermək istəyirik. Hətta, bir dəfə dedim ki, biz müraciət etməmişik. Dedilər ki, siz bu işi görürsüz və bunu sizin kimi təşkilata vermək istəyirik. Biz bir adamdan bugünədək nə xahiş etməmişik, nə də qapı döyməmişik ki, bizə qrant verilsin.

Hesab edirəm ki, ölkəmizdə QHT-lərin monitorinqi keçirilsin və gördükləri işin nəticəsi, effekti ortaya qoyulsun".

ATXƏM sədri qeyd edib ki, Ramiz Mehdiyevin, Əli Həsənovun vaxtında bir çox təşkilatlara qrantlar ədalətsiz şəkildə verilirdi:

"Hətta, başlarına sığal çəkmək adı ilə də 3-5 min verirdilər ki, xərcləsinlər. Ancaq bu QHT fəlsəfəsinə uyğun deyildi. Qeyri-hökumət fəlsəfəsi odur ki, maliyyəni tap və işini gör. Mən illərdir ki, qrant almamışam və heç yerə bir şikayət də etməmişəm. Gücümüz çatan qədər etmişik, olmayanda da oturmuşuq yerimizdə.

Məgər QHT agentliyi xeyriyyə cəmiyyətidir, yoxsa dolanışıq yeridir ki, hamıya pul versin?! Yaxud da biznes strukturudur? Dolana bilmirsənsə, get başqa işlə məşğul ol! Əksinə, sən burada pul tapıb bir iş görməlisən. Dövlət pul verə, verməyə də bilər. Hamı iddialıdır ki, bizə verilsin, amma normal işi ortaya qoyub hesabat vermək istəmirlər".

Şəhanə Demokrat.az

NE
Nihadə Eyyubova