"Son günlər Ermənistan mətbuatının gündəmini baş nazir Nikol Paşinyanın Azərbaycan ərazi bütövlüyün tanımasıyla bağlı açıqlaması zəbt edib. Lakin onu da qeyd edim ki, rəsmi Yerevanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağını bəyan etməsi ilk dəfə deyil".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, hər iki ölkə rəhbərlərinin ötən ilin payızında Praqadakı görüşündə ilk dəfə Nikol Paşinyan BMT-nin nizamnaməsinə və Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini təsdiq edib:
"Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadrat kilometr çərçivəsində, yəni Dağlıq Qarabağında daxil olmaq şərtilə tanıyır. Təbii ki, Azərbaycan da öz növbəsində indiki Ermənistan Respublikasının ərazi bütövlüyün tanıyacaq, lakin işğal etdikləri Azərbaycan torpaqları istisna olmaq şərtiylə. Azərbaycanın Qarabağ məsələsində mövqeyi dəyişməzdir.
Biz bunun öz daxili məsələmiz olduğunu bəyan edirik və Qarabağda yaşayan ermənilərlə yaranmış məsələni hər hansı vasitəçisiz həll etməyin tərəfdarıyıq.
Eyni zamanda onlara hər hansı bir status verilməyəcəyini dəfələrlə bəyan etmişik".
Nəzrin Demokrat.az


