Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri, deputat Hicran Hüseynova Tovuzdan olan 13 yaşlı məktəbli Əfsanə Tağıyevanın ailə qurmaq məqsədilə evdən Xaçmaza qaçması hadisəsinə münasibət bildirib.
Komitə sədri Demokrat.az-a açıqlamasında deyib ki, ilk növbədə bu kimi halların baş vermə səbəbləri araşdırırlmalıdır:
"Nə üçün uşaq təhsili, öz yaşıdları ilə ünsiyyəti, dostluğu deyil, ona uyğun olmayan münasibətləri seçir? Nə üçün özünü inkişaf etdirməyə, bir sənət, peşə sahibi olmağa deyil, təhsildən yayınmağa, aktiv sosial həyatdan uzaqlaşmağa, ailə qurmağa, digər cəlbedici həyat tərzinə daha çox meyillənir? Valideynlər onunla və əgər ailədə digər uşaqlar varsa, onlarla necə vaxt keçirir? Ona görə də ilk növbədə bu uşaqla mütəxəssislər, xüsusi ilə də psixoloq işləməlidir".

Hicran Hüseynova qeyd edib ki, uşağın hazırkı vəziyyəti, düşüncələri, maraqları, seçiminin səbəbi qiymətləndirməlidir:
"Hesab edirəm ki, valideynləri ilə söhbətlər aparılmalıdır. Beləliklə də baş vermiş hadisənin həm motivi, həm də səbəbləri müəyyən edilməlidir.
Əlbəttə ki, öz övladı yaşında qızı qaçıran, ona heç bir mənəviyyata, əxlaqa və qanuna sığmayan hərəkətlər edən cinayətkar öz layiqli cəzasını almalıdır. Həmçinin, burada uşağın valideynləri də məsuliyyət daşıyır".
Nəzrin Demokrat.az


