“ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının əlaqələndiricisi Mariya Lonqi belə bir bəyanat verib ki, Ermənistanda və Avrasiyanın bir sıra başqa ölkələrində Rusiya və Çinin enerji asılılığını azaltmaq üçün Amerikanın nüvə reaktorları tikilməsi məsələsini nəzərdən keçirəcək. Sözsüz ki, ABŞ-ın bu niyyəti ilk növbədə aydındır. Çünki ABŞ çalışır ki, əsas rəqibləri olan Rusiya və Çini zəiflətsin. Bu zəiflətmə ilk növbədə enerji sferasından keçir. Xatırlayırsınızsa, məhz Cənubi Qafqazda da Amerikanın, Avropa Birliyinin enerji maraqları olduğuna görə, ilk növbədə Rusiyadan enerji asılılığını qoparmaq üçün ABŞ hər vəchlə çalışır ki, proseslərə müdaxilə etsin. Rusiya və Çinin zəifləməsi üçün sözsüz ki, onların enerji sahəsində dominantlığını kiçiltmək vacibdir”.
Bu fikirləri Demoktrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq qeyd edib ki, Avrasiyanın bir sıra ölkələrində, o cümlədən Ermənistanda nüvə reaktoru tikilməsi bölgəyə ciddi problemlər yarada bilər:
“Düzdür, birincisi bu hələ bir ideyadır. Ermənistanda nüvə reaktorunun tikilməsi hazırki gün üçün aktual deyil. İkincisi, bu nüvə reaktorunun tikilməsi kifayət qədər xeyli məsrəflər, xərc tələb edən bir məsələdir.
ABŞ buna nə qədər hazırdır, hazır deyil, bu hələki sual doğurur. Burada sözsüz ki, konqresin qərarı önəmlidir. Belə bir nüvə reaktorunun tikilməsinə, əminəm ki, ilk növbədə Rusiya Federasiyası qarşı çıxacaq. Çünki aydın məsələdir ki, Ermənistanı, Mərkəzi Asiyanı arxa bağçası hesab edən Rusiya heç bir halda ABŞ-ın burada nüvə reaktoru tikməsinə yaşıl işıq yandıra bilməz.
Digər tərəfdən də Ermənistanda Metsamor nüvə reaktoru var və köhnəlmiş nüvə reaktorudur. Bunun Cənubi Qafqaz üçün riskləri böyükdür. İkinci belə reaktorun olması regionun təhlükəsizliyinə ciddi təhdidlər törədə bilər. Heç kim belə bir reaktorda qəzanın baş verməyəciyini təmin edə bilməz. Bütün faktorları nəzərə alsaq, biz görərik ki, hazırda belə bir planın gerçəkləşməsi kağız üzərində olsa da, praktikada müşgül məsələdir.
Digər tərəfdən də biz bilmirik ki, Ermənistanda belə bir nüvə reaktoru tikilərsə, Azərbaycanda da oxşar layihənin tətbiq olunması nəzərdə tutulub yoxsa yox. Çünki departamentin nümayəndəsi ifadəsində Ermənistan və ya başqa Avrasiya ölkəsi dedi. Azərbaycan da Avrasiya ölkəsi olduğuna görə, ola bilsin ki, Azərbaycanda da belə bir reaktorun tikilməsinə yaşıl işıq yandırıldı. Digər tərəfdən də toxunulmalı məsələ ondan ibarətdir ki, bu nüvə reaktorunun yalnız Ermənistanda tikilməsi, Azərbaycana eyni dəstəyinin göstərilməməsi təbii ki, narazılıqla qarşılanacaq Bu, ABŞ-ın Cənubi Qafqaza yönəlik balanslı siyasətini bir növ kölgə altına almış olacaq”.
Nəzrin Demokrat.az


