24 may 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında 28 May Müstəqillik Gününə həsr edilmiş "Xəmsə" Milli İntellektual oyunu üzrə ümumtəhsil şəhər məktəbləri arasında rayon birinciliyi keçirilmişdir.
Demokrat.az xəbər verir ki, tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Daha sonra qeyd etdi ki, Bu gün hər bir gənc müasir dövrün tələblərini təhlil etmək və onun əsasında qərar qəbul edə bilmək bacarığına malik olmalıdır. Buna görə də intellektual oyunlarda iştirak etmək gəncləri gələcəkdə bir mütəxəssis kimi formalaşdırmaqda, özünü təsdiq etməkdə böyük rol oynayır.
Tədbirdə çıxış edən Yusif Qasımov adına Salyan şəhər 4 saylı tam orta məktəbin tərbiyyə işləri üzrə təşkilatçısı İbrahim Davudzadə qeyd etdi ki, intellektual oyunlar yeniyetmə və gənclərin mənəvi inkişafı üçün böyük əhəmiyyət daşıyır, onların intellektual oyunlara cəlb edilməsi uğurlu bir addımdır daha sonra komandalara uğurlar arzuladı.
Daha sonra püşkatma keçirildi.Püşkatmadan sonra iştirakçılara "Xəmsə" Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi.
Maraqlı mübarizə şəraitində keçən “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin yekununda III yeri + 1300 xalla Nizami Gəncəvi adına Salyan şəhər 2 saylı tam orta məktəbin “Xarıbülbül” komandası, II yeri + 3600 xalla Yusif Qasımov adına Salyan şəhər 4 saylı tam orta məktəbin “Zəfər” komandası, I yeri + 5600 xalla Aşıq Pənah adına şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin “Uğur” komandası tutdu. Sonda qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.










