Gündəm Özəl

Siyasi şərhçi: “Rusiya sülhməramlıları xəbərdarlıqlardan nəticə çıxarmırlar”

Siyasi şərhçi: “Rusiya sülhməramlıları xəbərdarlıqlardan nəticə çıxarmırlar”

“30 il erməni işğalı altında qalan Azərbaycanın Qarabağ bölgəsinin silahsızlaşdırılması və qeyri-qanuni erməni silahlı dəstələrinin buradan çıxarılması ilə əlaqədar Ermənistanın və sülhməramlı mandatı verilmiş Rusiyanın öhdəlikləri 2020-ci il 10 noyabr Bəyanatı ilə müəyyənləşib. Bəyanatın 4-cü maddəsi ilə nəzərdə tutulur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Bu bəyanatla müəyyənləşən öhdəliklərin icrasına sənədə Azərbaycan və Ermənistanla yanaşı imza atmış, qarant kimi çıxış edən Rusya məsuliyyət daşıyır. Bununla belə, ötən iki ildən artıq müddətdə Moskvanın bu öhdəliyin icrasından yayındığı, əksinə Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələrinin təchizatına yardım göstərdiyi təkzibedikməz dəlillərlə sübut edilib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Analitik qeyd edib ki, Azərbaycanın qətiyyətli mövqeyi və Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratması Laçın dəhlizinin yalnız humanitar məqsədlərlə istifadəsini təmin etdi:

“Bununla belə, ciddi şübhələr var ki, sülhməramlı qüvvələrin iştirakı ilə qeyri-qanuni erməni hərbi dəstələrinin təchizatı həyata keçirilir. Azərbaycan Ordusu tərəfindən “Qətiyyətli cavab” və “Qisas” əməliyyatları keçirilərək bu cür təşəbbüslərə adekvat cavab verilib.

Azərbaycan diplomatik səylərlə Qarabağ bölgəsinin silahsızlaşdırılmasına nail olmağa çalışır və bu məqsədlə Qarabağ bölgəsində yaşayan ermənilərlə müzakirə mexanizmi də yaradılıb. Hələ ki, rəsmi Bakının bu istiqamətdə səyləri erməni separatçıları tərəfindən adekvat dəyərləndirilmir. Rusiya sülhməramlıları da xəbərdarlıqlardan nəticə çıxarmırlar.

Rəsmi Bakı Ermənistanla sülh sazişi müzakirələrinə getdiyi bir vaxtda təmkin nümayiş etdirir, lakin elə erməni separatçılarının bu qeyri-konstruktiv mövqeyi hazırda sülh müzakirələrinə əsas təhdid kimi çıxış edir”.

Onun sözlərinə görə, bu proses davam edərsə, rəsmi Bakı diplomatiya ilə yanaşı digər tədbirlərə də əl atmalı olacaq:

“Xüsusən Rusiya sülhməramlı kontingentinin məsuliyyətli davranması məsələləri ilə əlaqədar Azərbaycanın məsələ qaldırması, müxtəlif sivil və diplomatik mexanizmləri işə salması üçün kifayət qədər potensialı və arqumentləri var. Erməni separatçılarına qarşı isə anti-terror əməliyyatları, terrorçuların zərərsizləşdirilməsi, dəqiq zərbələr endirilməsi kimi tədbirlər həyata keçirilə bilər.

Azərbaycan sülh müzakirələri üçün daha səbrli davranır və real güc nümayişini arxa planda saxlayır. Lakin diplomatik xəbərdarlıqlar nəticə verməsə, yaxın prespektivdə rəsmi Bakı praktikada real güc nümayişi və məcburetmə tədbirlərinə əl atmaq məcburiyyətində qalacaq”.

Nəzrin Demokrat.az

D
demokrat.az