"Rusiya sülhməramlılarının atdığı addımlar Azərbaycan və Rusiya arasındakı münasibətlərin ruhuna ziddir. Həmçinin, rus sülhməramlıların sistematik şəkildə Azərbaycanın ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərən separatçıların silahlandırılması prosesində iştirak etməsi haqlı olaraq, cəmiyyətimizdə narazılıqlara səbəb olur".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib.
O, vurğulayıb ki, Rusiya sülhməramlıları 10 noyabr bəyanatı ilə üzərinə qoyulmuş konkret müddəaların yerinə yetirilməsində maraqlı deyil.
"Rusiya sülhməramlıları fəaliyyətlərini aşan işlərlə məşğuldurlar. Bu gün sülhməramlılar Azərbaycan ərazilərində hansısa qondarma fəaliyyətlərin qarşısını almaqda maraqlı görünmür.
Təəsüflər olsun ki, Laçın yolunda nəzarətimiz bərpa olunduqdan sonra Xankəndi-Xəlfəli-Turşsu yoluyla silah daşınmasını rus sülhməramlılar müşahidə edirdi. Orada Azərbaycanın həmin yolda nəzarəti bərpa olunduqdan sonra görürük ki, Xankəndidən qondarma qurumun digər terrorçu ünsürlərinə Xankəndi-Qeybalı-Xəlfəli yolu vasitəsiylə bu dəfə sülhməramlılar silah daşınması prosesini aparırlar.
Əslində, bu bir daha bütün dünyaya mesajdır ki, Rusiya Xankəndi və ətrafında separatçılığın bitməsində, oradakı erməni sakinlərin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesində əsla maraqlı deyil.
Baş verən hadisələr onu göstərir ki, artıq açıq şəkildə həm rus sülhməramlıları, həm də bütövlükdə Rusiya rəhbərliyi bu prosesdə öz maraqlarını ehtiva edirlər".
Nəzrin Demokrat.az


