“Rusiya-Ukrayna müharibəsindən sonra biz dünya bazarında taxılın qiymətində artımlar müşahidə etdik. Amma son aylar taxılın qiymətində azalmalar müşahidə olunur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bu da birbaşa Rusiya-Ukrayna ixracatını bərpa etməsiylə bağlıdır:
“Eyni zamanda, taxıl anbarlarında kifayət qədər böyük həcmdə məhsullar yığıldı və onların dünya bazarına çıxarılması tələbin artmasına gətirib çıxardı. Bir tərəfdən artımlar müşahidə etdik və bu da qiymətlərə təsir göstərdi.

Bu gün Azərbaycanın idxal etdiyi taxılın xərcində də azalmalar var. Ona görə, biz dünya bazarındakı qiyməti nəzərə alsaq, daxili bazarda un məmulatlarının xərcini nəzərə alsaq, sözsüz ki, Azərbaycanda çörəyin və un məmulatlarının qiymətində artım üçün hər hansı bir iqtisadi zəmin yoxdur.
Dünya bazarında qiymətlər stabildir. Hətta, son aylar taxılın qiymətində azalmalar müşahidə edilir. O baxımdan sahibkarlar çalışmalıdır ki, taxılın qiyməti ucuz olduğu müddətdə daha çox ehtiyatlar yaratsın ki, növbəti mərhələdə qiymət artımlarına getməsinlər”.
Nəzrin Hüseynli Demokrat.az


