"1973-cü ildə yaradılmış Sərsəng Su Anbarının məqsədi həm elektrik enerjisinin istehsalı etməkdən, həm də 120 min hektar ərazini, yəni Bərdə və Tərtər rayonlarının ərazisində suvarmaqdan ibarətdir. Lakin 1992-ci ildə su anbarı işğal olunandan sonra həmin rejim bir qədər dəyişdi. İşğalçılar əsasən qış aylarında suyu aşağıya buraxırdılar ki, elektrik enerjisi əldə etsinlər. Beləliklə, Bərdə və Tərtər qış aylarında su gəlirdi. Yaz və yay aylarında isə su buraxmırdılar ki, qışda elektrik enerjisi əldə edə bilsinlər".
Bu fikirləri Demokrat.az-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib.
Ekspert bildirib ki, bu il baş verən hadisə isə bir qədər fərqli oldu.
"Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə elektrik enerjisinin 70 faizdən çoxu Sərsəng Su Anbarının hesabına ödənilir. Görünən odur ki, onlar qış aylarında suyu özləri boşaldıblar.
Ümid ediblər ki, yazda Kəlbəcərdə qar əriyəndə su anbarı yenidən dolmağa başlayacaq. Çox təəssüf ki, bu il yağıntılar çox az düşdü. Və su anbarının boşaldandan sonra qar da olmadı ki, əriyib su anbarını doldursun və nəticədə bu vəziyyət baş verdi.
Hazırda isə deyilir ki, su anbarı boşalıb və onun divarları çatlaya bilər. Bu fikrə mən ciddi yanaşmıram, çünki su anbarları dizayn olunanda su səviyyəsi orada üç səviyyədə nəzərdə tutulur. Ölü həcm, faydalı həcm və maksimal həcm. Ölü həcmə qədər su anbarı boş qala bilər. Onun divarında heç bir çat baş verə bilməz. Yəni, su anbarları dizayn olunarkən bu məsələ mütəxəssislər tərəfindən mütləq nəzərə alınır. O adi bir divar deyil ki, çatlasın. Çox böyük və möhkəm dayaq üzərində qurulmuş bir bənddir. Hətta zəlzələlərə belə davamlı olur ki, su anbarı çatlamasın. Çünki, onun dağılması fəlakət olardı. Bununla bağlı mən heç bir narahatlıq keçirmirəm, əksinə o su anbarı indi Azərbaycanın nəzarətində deyil.
Bərdə, Tərtər, Ağdam rayonun bir hissəsinə suyun verilməsində çətinlik yaradır. O su anbarına mütləq Azərbaycan nəzarət etməlidir. Elektrik enerjisi isə Xankəndi, Xocavənd, Ağdərə şəhərlərinə Azərbaycan tərəfindən getməlidir ki, onlar da su anbarının elektrik enerjisindən asılı qalmasınlar".
Nəzrin Demokrat.az


