Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb. Hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Məlumata görə, qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb.
Mövzu ilə bağlı Demokrat.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, sözügedən hadisədə 13 yaşlı yeniyetməyə qarşı bir sıra istiqamətdə hüquq pozmaya yol verilib.
Sosioloq qeyd edib ki, həmin uşağın təhsil hüququ kobud şəkildə valideynləri tərəfindən pozulub:
“Bu işdə həm valideyinləri, həm məktəb də daxil olmaqla bir sıra icra strukturları məsuliyyət daşıyır.
Digər tərəfdən 13 yaşlını erkən nigaha cəlb etməyə aktiv cəhd göstərilib. Bu məsələdə də valideynləri və bu işdə iştirak edənlər hüquqi və mənəvi məsuliyyət daşıyır. 13 yaşlını erkən nigaha cəlb etməyə cəhd edənlərin əməllərinə bəraət qazandırmaq üçün gətirdiyi arqument və səbəblərin heç biri əsas vermir ki, ona qarşı bu hüquqazidd və əxlaqa zidd əmələ rəvac verilsin.
Təqdim olunan hadisədən aydın olur ki, 13 yaşlının böyüdüyü ailə münaqişəli, natamam bir ailədir. Uşağın anasının danışığından bəlli olur ki, o məhbus əri tərəfindən təhdid olunur. Əgər belədirsə, ailə nəzarətə götürülməli, bu ailə ilə müxtəlif istiqamətli iş aparılmalıdır, o cümlədən uşağın atası ilə müvafiq iş aparılmalıdır”.

Üzeyir Şəfiyev əlavə edib ki, uşağın təhsil hüququ bərpa olunmalı və məcburi nigaha təhrik edilməsinə son qoyulmalıdır:
“Yəqin ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisə ilə bağlı hərəkətə keçəcək, müvafiq addımlar ataraq sözügedən ailənin böhranını tənzimləmək istiqamətində çoxprofilli komanda (sosial işçi, psixoloq, ailə danışanları, hüquqşünaslarla) ilə dəstək tədbirləri həyata keçirəcək. Bu və ya buna bənzər hadisələrə qarşı həm hüquq müstəvisində, həm də ictimai müstəvidə kompleks mübarizə aparılmalıdır.
Bilirsiniz ki, uşaq hüquqları ilə bağlı 1989-cu il beynəlxalq konvensiyaya, eyni zamanda Azərbaycan Cinayət Məcəlləsinə görə 18 yaşdan aşağı şəxsləri nigaha məcbur etmə hüquqi məsuliyyət yaradır. Hadisə ilə tanışlıq əsasında görürük ki, 13 yaşlını nigaha aktiv cəlb etməyə cəhd edənlərdən biri tez-tez vurğulayır ki, ad etmişik, nişanlamışıq da, toy etməmişik ki, və. s. Bu və buna bənzər "təqsirsizlik arqumentlər"inin qarşısını almaq üçün hesab edirik ki, erkən nigaha cəlb etməyə görə tövsiyyə olunan hüquqi məsuliyyət erkən nigaha cəlb etməyə cəhd hallarına da şamil olunsun.
İstisna hallarda isə nigah yaşının 18 yaşdan 17-yə endirilməsi hallarının hüquqi imkanları aradan qaldırılsın. Məqsədəuyğun olardı ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerlərdə ştat vahidləri artırılsın, müvafiq sosial agentlər vasitəsilə potensial və real ailə böhranları, münaqişəli ailələrlə müvafiq iş aparılsın. Məktəblərdə psixoloq və sosial işçi ştat vahidləri açılmalı, onların funksionallığı artırılmalı, Elm və Təhsil Nazirliyinin başladığı “Məktəblinin dostu” layihəsi bütün məktəbləri əhatə etməli, daha müstəqil və funksional, neytral bir qurum kimi çalışmalıdır.
Elm və Təhsil Nazirliyi, eyni zamanda nazirlik yanında İctimai Şuranın fəaliyyətində həssas istiqamətlərdən biri uşaqların təhsildən yayındırılaraq erkən nigaha cəlb etmə, uşaq əməyinin istismarına qarşı mübarizə məsələləri olmalıdır. KİV-də təhsildən yayınmaya, erkən nigaha məcburetməyə görə hüquqi məsuliyyətə cəlb olunanlarla bağlı mütəmadi məlumatlar vermək, vətəndaşların hüquqi maarifləndirilməsi, eləcə də müvafiq sosial çarxlar vasitəsilə sosial iş aparılması zəruri və labüddür”.
Nəzrin Demokrat.az


