“Bildiyimiz kimi, Türkiyədə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Düşünürəm ki, Türkiyə xalqı demokratik cəmiyyətdə yaşamağı daha çox üstün tutur. Bu seçkilərin nəticələri, aparılan təşviqat-təbliğat məsələləri də göstərdi ki, Türk xalqı ayaqdadır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri bildirib ki, Rəcəb Tayyib Ərdoğan Qarabağın alınmasında daim Azərbaycan Respublikasının Ali Baş Komandanı ilə bir yerdə olub və bu məsələlərdə köməklik edib: “Türkiyədə kimlərin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycanla yaxşı münasibətlər dəyişməyəcək. Çünki biz eyni millətik. Türk xalqı yerindədir! Türkiyə-Azərbaycan münasibətləri hər zaman inkişaf edəcək. Kılıçdaroğlunun və ya Ərdoğanın olmasının bizim üçün heç bir ziyanı yoxdur. Biz türk xalqının, millətinin seçiminə hörmətlə yanaşmalıyıq. Türkiyədə olan demokratik seçkilər bizə bir daha ruh verdi ki, bizim qardaşlarımız artıq tam demokratik cəmiyyətin qurulmasında demokratiyanın yanındadılar.
Biz gördük ki, bu seçkilərdə xəstə olan insanlar belə seçim hüququndan istifadə etdilər və səslərini verdilər. Mən bir daha əmin oldum ki, Türkiyə xalqı demokratiya uğrunda mücadilə aparır, demokratiyanı hər şeydən üstün tutur".
Nəzrin Demokrat.az


