Hadisə Özəl

Xırdalan qəbirstanlığında DAVA — TƏFƏRRÜAT

Xırdalan qəbirstanlığında DAVA — TƏFƏRRÜAT

Abşeron rayonunda 1986-cl il təvəllüdlü Eldəniz şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı iş yoldaşı Dilqəmə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Eldəniz 13 may 2022-ci ildə, saat 16 radələrində fəhlə kimi işlədiyi Xırdalan şəhərində yerləşən Xırdalan qəbirstanlığına gəlib.

O, barəsində qəbirstanlıq rəhbərliyinə yalan məlumat verildiyini bəhanə edərək sərxoş vəziyyətdə Dilqəmlə mübahisə edib, ucadan nalayiq ifadələr işlədib.

Eldəniz həmin qəbirstanlıqda bağban işləyən Dilqəmi əvvəlcə yumruqla sifətinə, sonra isə silah qismində istifadə etdiyi daşla başına və qoluna iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Eldənizin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Xırdalan qəbirstanlığında təxminən 10 ildir fəhlə işləyir və orada işlədiyi vaxtdan Dilqəmi tanıyıb:

“Aramızda heç vaxt narazılıq və ədavət olmayıb. Mayın 13-də, saat 16 radələrində iş yoldaşlarım ilə yemək yeyərkən spirtli içki qəbul etdim. Bundan sonra qəbirstanlığa gəldim və haqqımda müdiriyyətə yalan məlumat çatdıran şəxslərin ünvanına söyüş söydüm. Həmin vaxt Dilqəm üstümə gəldi və ağzımın üstünə bir şillə vurdu. Mən də Dilqəmi özümdən kənarlaşdırmaq üçün itələdim. Sonradan Dilqəmin xəsarət aldığını və polisə ərizə yazdığını eşitdim”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsini həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edib.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Eldənizin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az