Gündəm Özəl

Politoloq: “Kılıçdaroğlunun hakimiyyətə gəlməsini ən çox arzulayanlar ermənilərdir”

Politoloq: “Kılıçdaroğlunun hakimiyyətə gəlməsini ən çox arzulayanlar ermənilərdir”

“İran-Ermənistan birliyinin Zəngəzur dəhlizinin açılmasına qarşı olduğu heç kimə sirr deyil. Səbəb də aydındır. İran Ermənistanla olan təqribən 40 kilometrlik sərhəddinin ermənilərin nəzarətindən çıxacağından qorxur və nəyin bahasına olursa-olsun ermənilərlə qonşuluğunu davam etdirəcəyini deyir. Yəni, sərhəd əgər 40 kilometrlik hissə Azərbaycanın nəzarətinə keçsə, bu halda İran sərhədlərinin böyük hissəsi Türk dövlətləri ilə olacaq. Bu da nədənsə İranı çox qorxudur. Bütün gücünü səfərbər edib Zəngəzur dəhlizinin Ermənistanın suverenliyi altında olmasını təmin etməyə çalışır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Politoloq bildirib ki, molla rejimi açıq şəkildə hər hansı sərhəd dəyişikliklərinin İranın qırmızı xətti olduğunu bəyan edib:

“Ümumiyyətlə, beynəlxalq nəqliyyat dəhlizləri, həm şimal-cənub, həm şərq-qərb beynəlxalq dəhlizi Azərbaycandan keçir. Bu dəhlizlərin əhəmiyyətini azaltmaq üçün İran və Ermənistan əlindən gələni edir. İranın məlum Fars körfəzi, Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi layihəsi var ki, bu layihəyə görə, İran-Ermənistan və ondan sonra Qara dəniz, Yunanıstan, Bolqarıstan istiqamətində beynəlxalq nəqliyyat dəhlizi nəzərdə tutulub. Məqsəd Azərbaycanı bu nəqliyyat habı olmaqdan mümkün qədər məhrum etməkdir. Yaxud da Azərbaycanın əhəmiyyətini azaltmaqdır. Amma bu, o qədər də asan deyil.

İranın bu yolu çəkmək üçün maliyyə vəsaiti yoxdur, heç Ermənistanın da. Burada qorxulu məqam ondan ibarətdir ki, Türkiyədə prezidentliyə namizəd olan Kamal Kılıçdaroğlu da çox bədnam bir layihə ilə çıxış etdi. Türkiyədən Çinə çəkiləcək nəqliyyat dəhlizinin Azərbaycandan yox, İrandan keçəcəyini bəyan etdi. Bu da həddindən artıq ağılsız və təhlükəli bir layihədir.

Politoloq: “Kılıçdaroğlunun hakimiyyətə gəlməsini ən çox arzulayanlar ermənilərdir”

Çox təəssüf ki, İranın və Ermənistanın Azərbaycanın nəqliyyat logistika imkanlarını azaltmaq cəhdlərinə indi Türkiyənin müəyyən dairələri də qoşulub. Kılıçdaroğlunun udacağı təqdirdə əgər bu layihədən imtina etməsə təbiidir ki, Azərbaycan-Türkiyə münasibətlərində çox ciddi problemlər yarana bilər. Bu da ermənilərin çoxdankı arzusudur. Bu səbəbdəndir ki, indi Kılıçdaroğlunun hakimiyyətə gəlməsini ən çox arzulayanlar ermənilərdir. Azərbaycan üçün ən böyük təhlükə budur. Hətta, İranın Mehri keçid məntəqəsinin yenidən qurmasından da təhlükəlidir. Kılıçdaroğlunun Azərbaycanı kənarda qoyub, İran vasitəsilə Çinə nəqliyyat dəhlizi çəkmək layihəsi daha təhlükəlidir. Ancaq bütün hallarda Zəngəzur dəhlizi açılacaq və Azərbaycan artıq Zəngəzur dəhlizinin Ermənistanın suverenliyi altında olmasını demək olar ki, qəbul edib.

Azərbaycan təklif edib ki, əgər ermənilər nəzarət-buraxılış məntəqəsi qurursa, Azərbaycan da Laçında nəzarət-buraxılış məntəqəsi quracaq. Almaniya da belə bir təkliflə dövlət başçımız çıxış etdi. Ermənilər təbii ki, bunu qəbul etmədilər. Azərbaycan məcbur oldu ki, özü Laçında buraxılış məntəqəsini qursun.

Bölgədə Azərbaycanın çəksini və gücünü azaltmaq istiqamətində düşmənlərimizin cəhdləri davam edir və bu cəhdlərin böyük əksəriyyəti iflasa məhkumdur.

Çox təəssüflər olsun ki, bu düşmənlər sırasına, Azərbaycan əleyhinə olan layihələri sırasına Türkiyənin müəyyən dairələri də qoşuldu və onlar Azərbaycan-Türkiyə münasibətlərinə yara vurmaq üçün çox təəssüflər ki, əlindən gələni edirlər”.

Şəhanə Demokrat.az

D
demokrat.az