Rusiyanın “RosAtom” Dövlət Korporasiyasının baş direktorunun müavini Nikolay Spasski Ermənistan mətbuatına geniş müsahibə verib.
Nikolay Spasski öz mühasibəsində “RosAtom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçevin təxminən 10 gün əvvəl Ermənistana səfərindən və Baş nazir Nikol Paşinyanla aparılan müzakirələrdən danışıb.
“RosAtom”un rəsmisi deyib ki, onlar Ermənistanın “Metsamor” AES-nin ikinci enerji blokunun ömrünün uzadılması məsələsini müzakirə ediblər.
Nikolay Spasski deyib ki, ikinci blokda modernləşmə işləri apararaq onun ömrünü 2036-cı ilə kimi artırmaq istəyirlər.
Belə bir qərarın qəbul olunması və icra edilməsi bölgə üçün böyük təhlükə deməkdir.
“RosAtom”un direktor müavini öz müsahibəsində hər hansı bir təhlükənin olmayacağını bildirsə də, məlum olan odur ki, Avropa İttifaqı hələ illər əvvəl “Metsamor” AES-nin ikinci enerji blokunun təmirindən imtina edib və onun fəaliyyətinin dayandırılmasını tələb edib.
Bildiyimiz kimi, “Metsamor” AES keçmiş Sovet İttifaqı zamanında tikilib. AES-in tikintisinə 1969-cu ildə başlanılıb. 1976-ci ilin dekabr ayında AES-in birinci bloku istismara verilib. AES Ermənistanın paytaxtı İrəvandan 32 km, İğdırdan (Türkiyə) isə 30 km uzaqlıqdadır. AES-in ikincisi isə 1980-ci ildə istifadəyə verilib.
1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılıb. Lakin, 1986-cı ildə “Çernobıl” AES-də (Ukrayna) baş verən qəzadan sonra tikinti dayandırılıb.
1988-ci ildə Spitak bölgəsində (Ermənistan) baş verən zəlzələdən sonra “Metsamor” AES də fəaliyyəti dayandırıb.
7 ildən sonra – 1995-ci ildə “Metsamor” AES-in 2-ci enerji bloku işə salınıb. 1-ci blok isə tamamilə istismardan çıxarılıb və onun fəaliyyəti tam şəkildə dayandırılıb.
“Metsamor” AES keçmiş SSRİ dövründə inşa edilən 20 AES-dən biridir. Bu AES-lərdən 7-si öz istismar müddəti başa çatıb. İstismar müddəti başa çatan 7 AES-dən 6-sı öz fəaliyyətini dayandırıb. Metsamor” AES-in istisamar müddəti də 1989-cu ildə başa çatmalı idi.
2007-ci ildə Avropa İttifaqı ilə Ermənistan Energetika Nazirliyi arasında “Metsamor” AES-in modernləşdirilməsi barədə danışıqlar olub. Avropa İttifaqı bu məqsədlə Ermənistana 200 milyon avro yardım ayırmağa hazır olduğunu bildirib. Lakin, sonradan Avropa İttifaqı təhlükəsizlik səbəbindən AES-in bağlanmasını tələb edib. Avropa İttifaqının imtina etdiyi təmir işləri daha sonra Rusiya tərəfindən icra olunub və “Metsamor” AES-in ikinci blokunun ömürü 2026-cı ilə kimi uzadılıb.
“RosAtom”un baş direktoru və Nikol Paşinyanla aparılan son müzakirələrdə ikinci blokun istisamar müddətinin daha 10 il uzadılması ilə bağlı razılığa gəlinib.
Məlumdur ki, 43 ilə əvvəl istisamra verilən və çox yaxınlığında 7 bal gücündə zələzələ baş vermiş Atom Elektrik Stansiyasının fəaliyyəti böyük təhlükə deməkdir.
2017-ci ildə Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan “Hərtərəfli və İnkişaf etdirilmiş Tərəfdaşlıq Sazişi”ndə (CEPA) açıq şəkildə qeyd olunub ki, Ermənistan “Metsamor” AES-i bağlamalı və ən qısa müddətdə "Ermənistanın sabit inkişafı üçün alternativ imkanlar” yaradacaq "yol xəritəsi" və ya fəaliyyət planını qəbul etməlidir.
Amma, görünən odur ki, Ermənistan Avropa İttifaqı ilə imzalanan müqaviləyə baxmayaraq regionu atom fəlakətinə doğru sürükləməyə davam edir.(Yeni Avaz)


