Gündəm Özəl

Deputat: "Sərhəddəki təxribatın məqsədi sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır"

Deputat: Sərhəddəki təxribatın məqsədi sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır

"Ermənilərin sərhəddə törətdikləri təxribatın əsas məqsədi iki dövlət arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaqdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat qeyd edib ki, xarici işlər nazirlərinin ABŞ-da keçirilən son görüşlərində cüzi istiləşmə hiss olunurdu:

"Bu yaxın günlərdə həmin formatın davamı olaraq Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Qərbin sülhyaratma prosesinə qısqanclıqla yanaşan və Ermənistanda, Qarabağda onlara dəstək verən təxribatçı qüvvələr bölgədə dayanıqlı sülh əldə olunmasına imkan vermir".

Millət vəkilinin sözlərinə görə, bu təxribatın Avropa İttifaqının genişlənməsi ilə əlaqəsi yoxdur:

"Avropa İttifaqı nə bizi, nə də Ermənistanı öz sıralarına qatmağı düşünmür. Ermənistan isə KTMT, Avrasiya Birliyi, Gömrük İttifaqı kimi təşkilatlara üzv olmaq istəyir.

Ümumiyyətlə, bu, Avropa İttifaqının siyasi-iqtisadi-sosial kriteriyalarına uyğun gəlmir. Məsələ ondadır ki, 150 ildən bəri süni şəkildə yaradılmış layihə olan "erməni məsələsi"nin beynəlxalq gündəlikdən çıxarılmasını istəməyən qüvvələr var. Ona görə də, tərəflərin yaxınlaşmasından sonra təxribatlar gözləniləndir".

Şəhanə Tağızadə Demokrat.az

D
demokrat.az