“ABŞ-ın əsas marağı Rusiyanı Qafqazdan çıxartmaqdır. Çünki Rusiya Qafqazdan çıxacaqsa, Çin birmənalı şəkildə Avropadan təcrid olunacaq. Çinin ən böyük bazarı isə məhz Avropa, Yaxın və Orta Şərqdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında sabiq deputat, politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ABŞ bu və ya digər formada Çinin təcrid edilməsi üçün məhz Rusiyadan istifadə edir:
“Fikir verdinizsə, bir neçə gün öncə Kılıçdaroğlu “Çin layihəsi”ni gündəmə gətirdi. Amma onu Rusiyadan kənar, yəni İran üzərindən keçirməklə, əslində İranla Rusiyanı üz-üzə qoyur. Bu da İranı Rusiyadan ayırmaq, Azərbaycanı isə Türkiyədən təcrid etməkdir. Qafqazda Rusiyanın yeganə dayağı olan Azərbaycan ona bu və ya digər formada yardım edə bilər.
Təbii ki, Azərbaycan öz milli maraqlarını güdür və burada böyük oyunçudur. Ona görə də çalışırlar ki, məhz Türkiyə Qafqazda möhkəmlənsin və Rusiyanı bir növ siyasi cəhətdən zərərsizləşdirsin. Amma görünən odur ki, Ərdoğan da çox gözəl bir oyunçudur. Öz siyasi oyununu oynayır. Həm Türkiyənin maraqlarını güdür, həm də Türk Dövlətləri Təşkilatının maraqlarını. Ona görə də ABŞ-ın başqa çıxış yolu yoxdur və məcburdur ki, Türkiyə ilə razılaşsın”.
Politoloq qeyd edib ki, Rusiyanın Cənubi Qafqazdan çıxarılması o qədər də asan məsələ deyil:
“Bu, çox çətin və ağrılı bir proses olacaq. Nəzərə alsaq ki, Rusiya Ukraynadakı müharibəni uduzmaq mərhələsinə girib və irəlilədiyi yerlərdə möhkəmlənə bilmir. Rusiyanın daxilində həddən artıq gərginlik var. İki gün öncə Moskvada keçirilən 9 may paradı da göstərdi ki, Rusiyanın əvvəlki gücü qalmayıb, ikiqat tükənib. Yəni, Rusiya bir il ərzindən də artıqdır davam edən müharibəyə girməklə çox böyük səhv etdi. Bu sürünən müharibə Rusiyanı çökdürməyə xidmət edir. Amma ABŞ-la Rusiya arasında olan siyasi qarşıdurma bizi narahat etməlidir. Çünki hər iki halda Azərbaycanın milli maraqları bu və ya digər formada xətər görə bilər.
Bizim üçün maraqlı olan odur ki, ABŞ və Rusiyanın bölgədəki qarşıdurmasından yararlana bilək. Amma onların bölgədən çıxması bir qədər problemli olacaq. Türkiyənin burada möhkəmlənməsinə Rusiya elə də güclü etiraz göstərə bilmir. Yəni, siyasi müqaviməti tükənmək üzrədir və indiki vəziyyət bizi qane edir”.
Aynurə Demokrat.az


